“Laçın yolu Azərbaycan torpağıdır. Ona görə də Azərbaycan lazım bildiyi tədbirləri görür. Azərbaycan öz təhlükəsizliyini təmin etmək və suveren hüquqlarını qorumaq üçün zəruri hesab etdiyi bütün tədbirləri görmək hüququna malikdir”.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Laçın yolundan tibbi keçidlərin olmasının mümkünlüyünü qeyd edən Hakan Fidan əlavə edib ki, daha geniş formada material daşınması üçün əlverişli olan digər marşrutlar da ayrılıb: “Bütün bu qiymətləndirmələrə nəzər saldıqda düşünürük ki, bu məsələdə Azərbaycanı tənqid etməyin heç bir əsası yoxdur”.
Ermənistan-Azərbaycan münasibətlərinə gəlincə, nazir Fidan bildirib ki, Türkiyə Azərbaycan və Ermənistanla bağlı təşəbbüsləri dəstəkləyir və beynəlxalq ictimaiyyəti tərəflər arasında heç bir fərq qoymadan onları dəstəkləməyə çağırır.
“Bölgədə sabitliyə aparan yol hərtərəfli sülh müqaviləsinin imzalanmasından keçir və bunun üçün Zəngəzur dəhlizinin açılması böyük əhəmiyyət kəsb edir”, - deyə Fidan bildirib.
"Bizim inancımız ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında müqavilələr ən qısa zamanda imzalansın", - o əlavə edib.