Brüssel görüşü - Azərbaycanın növbəti diplomatik uğuru

Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü bir daha nümayiş etdirdi ki, Azərbaycan özünün haqlı-ədalətli mövqeyini dünyaya qəbul etdirə bilib: “Diqqət yetirsək görərik ki, Avropa İttifaqının yanaşması bütövlükdə, Azərbaycanın haqlı maraqlarına tam uyğundur. Göründüyü kimi, Avropa İttiffaqı Şurası Prezidenti Şarl Mişellə birgə keçirilən üçtərəfli görüşün yekununa dair bəyanatda Azərbaycan üçün vacib olan bütün məqamlar öz həllini tapıb. Beləliklə, Azərbaycanın bu gün fəaliyyəti dəstəkləndiyi istiqamətlər bütövlükdə Avropa İttifaqı tərəfindən də dəstəklənir”.
Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən sonra bölgədə yeni reallıqlar yaradıb. Son proseslər göstərir ki, Avropa İttifaqı Azərbaycanın müəyyənləşdirdiyi gündəliyi, reallıqları qəbul edir. Təsadüfi deyil ki, Şarl Mişelin Brüssel görüşünün nəticələri ilə əlaqədar bəyanatında “Dağlıq Qarabağ” ifadəsi işlədilmir. Digər tərəfdən, bəyanatda Fərrux kəndi ətrafında proseslərə də toxunulmaması göstərir ki, Avropa İttifaqı artıq qoşunların dislokasiya yerlərinin dəyişməsinə də Azərbaycanın daxili işi kimi yanaşır. Bəyanatda ATƏT-in Minsk qrupunun da adının çəkilməməsi o deməkdir ki, bu strukturun həmsədrlik institutu faktiki olaraq tarixin arxivinə göndərilib. Görünən odur ki, Avropa İttifaqının dəstəyi ilə Azərbaycan ilə Ermənistan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm yaranır. Bunun da məqsədi, ilk növbədə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır.
Beləliklə, Avropa İttifaqının dəstəyi ilə Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları nəzərdə tutan yeni format sülh sazişinin imzalanmasına və regionda əmin-amanlığın bərqərar olmasına hesablanıb. Heç şübhəsiz, Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması Avropa İttifaqının da maraqlarına xidmət edir. Bu, qurumun regionda maraqlı olduğu iri layihələrin perspektivi istiqamətində istəkləri ilə üst-üstə düşür. Qeyd edək ki, Azərbaycan Avropa İttifaqının regiondakı əsas ticarət tərəfdaşıdır. Ticarət dövriyyəsinin 40 faizi Avropa İttifaqı ilə aparılmaqda, üzv dövlətlərin 1 700-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərməkdədir.
Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola sahibdir. Son geosiyasi hadisələr Azərbaycanın Avropa İttifaqı ölkələrinə qaz ixrac edən dövlət kimi aktuallığını daha da artırır. Belə olan halda, Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında danışıqlarda vasitəçiliyi ələ alması regionun gələcəyi üçün mühüm perspektivlər vəd edir. İndi qalır Ermənistanın üzərinə götürdüyü öhdəliklərə əməl etməsi. Hazırda Ermənistanda baş verən proseslər onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi-diplomatik səyləri böyük səmərə verir. Ermənistan rəhbərliyinin müxtəlif bəhanələrlə sülh prosesini ləngitmək cəhdləri isə iflasa məhkumdur.

İbrahim Kərimov,
YAP Sabirabad rayon təşkilatının əməkdaşı

Bizimlə əlaqə saxlayın