axin.az

SON DƏQİQƏ

Tezliklə Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri Moskvada görüşəcəklər: Paşinyan sülh sazişinə hazırlaşmaq təlimatı verib

5-09-2021, 15:21



Tezliklə Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri yenidən Moskvada görüşəcəklər: Rusiya prezidenti Vladimir Putin bu üçtərəfli görüşə əliboş deyil, konkret nəticələr ilə gəlmək niyyətindədir…

Ermənistan yalnız hərbi gücə boyun əyir. Bu düşmən ölkə ilə diplomatik dillə danışmağın heç bir mənası yoxdur. Çünki, rəsmi İrəvan bütün anlaşmaları özünə sərf edən məzmunda yozmaqla, istənilən danışıqlar prosesini pozmağa vərdişidir.

Ona görə də, Paşinyan hakimiyyətini yalnız məcbur etmək metodu danışıqlar prosesi üçün yararlı variant sayıla bilər. Rəsmi Bakı da son aylar ərzində məhz bu istiqamətdə fəaliyyət göstərməyə üstünlük verir. Və Ermənistanın məcburi şəkildə danışıqlar masasına gətirib, yekun sülh sazişini imzalanmasına çalışır.

Maraqlıdır ki, rəsmi Bakı artıq öz istəyinə nail olmaq üzrədir. Ermənistanda hərbi-siyasi təxribatların nəticə verməyəcəyini anlamağa başlayıblar. Hər halda, qüvvələr nisbətinin qeyri-mütanasib olması, rəsmi İrəvanı fakt qarşısında qoyur.

Məsələ ondadır ki, Ermənistanın ordusuz qalması və yaxın vaxtlarda təhlükəsizlik problemlərini həll etmək imkanında olmaması rəsmi İrəvanı çıxılmaz vəziyyətə salıb. Hər halda, erməni politoloqlar da etiraf edirlər ki, Ermənistan ordusunun ehtiyatda olan hərbçilərin üç aylıq təlimləri ilə yüksək döyüş hazırlığı vəziyyətinə gətirmək mümkün deyil.

Onların fikrincə, bu istiqamətdə atılan addımlar Ermənistan ordusunun gücləndirilməsinə deyil, sadəcə, daxili propoqanda maraqlarına xidmət edir. Bu ölkənin yeni müdafiə naziri Arşak Karapetyan özünün “qəhrəman” obrazını yaratmağa çalışır.

Bütün bunlar onu göstərir ki, yeni savaş imkanlarından uzaq olan Ermənistan Azərbaycan ilə heç bir halda hərbi qarşıdurmaya girə bilməyəcək. Ermənistan hərbi müttəfiqi olan Rusiya isə rəsmi İrəvana Azərbaycan ilə silahlı toqquşma halında dəstək verməyəcək. Kremlin geopolitik planları içərisində Cənubi Qafqazda yeni savaş ssenarisi yoxdur. İndi Rusiyanı Ukrayna və Əfqanıstan ətrafında yaranmış vəziyyət daha çox maraqlandırır.

Ona görə də, hazırda Ermənistan rəhbərliyi rəsmi Bakı ilə daha çox anlaşma imkanlarını sınaqdan çıxartmağa çalışır. Son vaxtlar rəsmi İrəvanın davranışlarında bunu təsdiqləyən məqamlar daha çox sezilir. Və bu baxımdan, yaxın aylarda, ən uzağı bu ilin sonuna doğru olduqca önəmli yeni addımların atıla biləcəyi qətiyyən istisna deyil.

Onu da qeyd edək ki, Kremlə yaxın siyasi dairələrdən Rusiya mətbuatına sızan məlumatlara görə, bu ilin sonuna qədər yenidən üçtərəfli görüşün keçirilməsi ilə bağlı ehtimal ön plana çıxmağa başlayıb. Həmin məlumatlara görə, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin növbəti dəfə Moskvada üçtərəfli anlaşmalardan sonra yaranmış vəziyyəti müzakirə etmək niyyətindədirlər. Və belə bir görüşün keçirilməsi bütün dünyaya öz vasitəçilik missiyasının effektiv olduğunu nümayiş etdirmək istəyən Rusiya üçün də böyük əhəmiyyət daşıyır.

Ancaq Rusiya prezidenti Vladimir Putinin növbəti üçtərəfli görüşün konkret nəticələr ilə keçirilməsində daha çox maraqlıdır. Hər halda, Kreml sahibi üçün üçtərəfli anlaşmaların icrası ilə bağlı əldə olunan müsbət nəticələrdən danışmaq daha sərfəlidir. Halbuki rəsmi İrəvanın son vaxtlar israrla üstünlük verdiyi hərbi-siyasi avantüralar ucbatından bu barədə danışmaq hələlik bir qədər çətindir.

Əslində, Kreml də bu vəziyyətin Rusiyanın nüfuzu baxımdan, əlverişli olmadığını anlamamış deyil. Üçtərəfli anlaşmalar rəsmi İrəvanın “kaprizləri” ucbatından icra edilməyib. Rəsmi Bakının Azərbaycanın maraqlarını təmin etmək üçün hərbi əməliyyatlara başlamaq hüquqları isə daha qabarıq şəkildə ön plana çıxmağa başlayıb. Və bütün bunlar Azərbaycanın hərbi əməliyyatlarına heç bir halda, müdaxilə şansı olmayan Kremli narahat etməyə bilməz.

Maraqlıdır ki, Kreml son vaxtlar rəsmi İrəvana atmalı olduğu addımları açıq mətnlə təlqin etməyə də başlayıb. Belə ki, Rusiya Paşinyan hakimiyyətinə bir tərəfdən üçtərəfli anlaşmaların icrasından yayınmağın yolverilməz olduğunun mesajını verir. Bunun Ermənistan üçün fəlakətə bərabər addım olacağına eyhamlar vurur.

Digər tərəfdən isə, Kreml rəsmi İrəvana Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası prosesinə ciddi yanaşmağı məsləhət görür. Əks halda, Paşinyan hakimiyyətinin Ermənistan üçün can atdığı dayanıqlı sülhə nail ola bilməyəcəyini xatırladır. Nəhayət, Kreml Ermənistana Türkiyə ilə münasibətlərinə də yenidən baxmağı, normal əlaqələr qurmaq barədə düşünməyi məsləhət görür.

Son vaxtlar Paşinyan hakimiyyətinin davranışları rəsmi İrəvanın Kremldən gələn mesajlara və məsləhətlərə maksimum səviyyədə həssas yanaşmağa çalışdığını göstərir. Hər halda, Azərbaycanın hərbi-siyasi və maliyyə-iqtisadi gücü qarşısında aciz qalan Ermənistan üçün başqa çıxış yolu qalmayıb. Və rəsmi İrəvan sülh prosesinə yönəltməklə, Ermənistanın təhlükəsizliyini təminat altına almaq məcburiyyətindədir.

Onu da qeyd edək ki, son günlər bu barədə Ermənistan mətbuatı tərəfindən də müxtəlif iddialar gündəmə gətirilməyə başlayıb. Belə ki, erməni mətbuatı iddia edir ki, Ermənistanda sülh sazişinin imzalanmasına hazırlıq görülür. Və bu proses yaxın aylarda daha da intensivləşə bilər.

Məsələ ondadır ki, Ermənistanın “Past” qəzeti yazır ki, hazırda hökumət aparatında, xüsusən də, Xarici İşlər Nazirliyində sülh sazişinin imzalanması üçün fəal hazırlıq işləri gedir. Ermənistan baş naziri Nikol Paşinyanın tapşırığı ilə XİN mütəxəssisləri hökumət aparatı ilə birgə son günlər araşdırmaları daha da dərinləşdiriblər. Onlar Azərbaycan ilə yekun sülh sazişi ilə bağlı mümkün sənədi hazırlamaq üçün uyğun bəhanə axtarırlar. Bununla da, Azərbaycan ilə sülh sazişi imzalanmazdan öncə aparılacaq ikitərəfli və ya Rusiyanın iştirakıyla danışıqlara hazırlaşırlar.

Maraqlıdır ki, erməni qəzeti bu prosesin məhz Kremlin iştirakı ilə həyata keçirildiyini vurğulayır. Erməni nəşrinin iddiasına görə, sülh sazişinin mətni ətrafında ilk müzakirəllər artıq oktyabr ayında başlaya bilər. Bu isə o deməkdir ki, 2021-ci ilin sonuna yaxınlaşdıqca Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlanma ehtimalı olmamış deyil.

Onu da qeyd edək ki, bu barədə Ermənistan mətbuatında yer alan məlumatların inandırıcı olduğunu göstərən bəzi kənar əlamətlər də mövcuddur. Hər halda, ATƏT-in Minsk Qrupunun iki həmsədrinin – ABŞ və Fransanın yenidən fəallaşması da qətiyyən səbəbsiz ola bilməz. Fransa növbəti dəfə Ermənistanı dəstəklədiyini, rəsmi İrəvana “Dağlıq Qarabağ münaqişəsi”nın nizamlanmasında hər cür yardım göstərəcəyini vurğulayıb. Halbuki, rəsmi Bakı və Kreml “Dağlıq Qarabağ münaqişəsi”nin artıq sona çatdığı tezisinə üstünlük verirlər. Bu baxımdan, rəsmi Parisin son davranışları yenidən “suyu bulandırmaq” cəhdindən başqa bir şey deyil.

Eyni davranışlar ABŞ-ın ifasında da müşahidə olunur. ABŞ-ın dövlət katibi Entoni Blinken erməni həmkarına zəng edərək, ATƏT-ın Minsk Qrupu çərçivəsində “münaqişənin həllinə, regionda sülhün və əmin-amanlığın yaranmasına dəstək verməyə” hazır olduqlarını bildirib. Yəni, belə anlaşılır ki, ABŞ və Fransa Ermənistanın Azərbaycan ilə yekun sülh sazişi imzalamaq niyyətinı düşməsindən ciddi şəkildə narahatdır.

Ona görə də, rəsmi İrəvana buna ehtiyac olmadığını, ABŞ və Fransanın dəstəyinə güvənə biləcəyini təlqin etməyə çalışırlar. Bu baxımdan, ABŞ və Fransanın sülh sazişi ilə bağlı başlana biləcəyi ehtimal olunan prosesi yenidən pozmaq üçün hərəkətə keçdiklərini düşünmək olar.

Elçin XALİDBƏYLİ,

Siyasi ekspert


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Eylül 2021    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA