Xəbər verdiyimiz kimi, aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda regiondakı mövcud vəziyyətlə bağlı önəmli məlumatları dünya ictimaiyyətinin diqqətinə çatdırıb.
Ölkə başçısı beynəlxalq konfransda Azərbaycan-İtaliya münasibətlərindən də xüsusilə bəhs edib. Prezident qeyd edib ki, İtaliya işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərində yaxından iştirak edir.
İqtisadçı ekspert, Milli Məclisin deputatı Vüqar Bayramov AZXEBER.COM-a açıqlamasında İtaliyanın Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biri olduğunu və bu münasibətlərin yeni layihələrlə daha da gücləndirildiyini söyləyib:
"İtaliya Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir. 2020-ci ilin yekunlarına əsasən, Azərbaycanın iqtisadiyyat dövriyyəsində İtaliya ən böyük paya malik olub. Belə ki, İtaliya ilə iqtisadiyyat dövriyyəmiz 4 milyard 568 milyon dollara çatıb. Bu, iqtisadiyyat dövriyyəsində ilk sıradır.Eyni zamanda bütövlükdə Azərbaycan-İtaliya münasibətləri formalaşdıqdan sonra İtaliya şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına 7 milyard dollara yaxın investisiya qoyuluşu həyata keçirilib. Bu da təbii ki, İtaliya şirkətlərinin Azərbaycanda fəal şəkildə iştirak etməsi anlamına gəlir”.
V.Bayramov onu da qeyd edib ki, İtaliyanın Cənubi Qafqaz ölkələrində iqtisadiyyat dövriyyəsinin 92 %-i Azərbaycanın payına düşür: "Azərbaycan İtaliyanın Cənubi Qafqazda böyük ticarət tərəfdaşıdır. İtaliyanın Cənubi Qafqaz ölkələrində iqtisadiyyat dövriyyəsinin 92 %-i Azərbaycanın payına düşür. Bu da onu göstrir ki, Azərbaycan İtaliya üçün regional olaraq strateji müttəfiq ölkədir. Növbəti mərhələdə də iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişlənəcəyi gözlənilir. İtaliya Azərbaycan arasında enerji əməkdaşlığının 2021-ci ildən yeni mərhələyə qədəm qoyub və bu növbəti illərdə daha da inkişaf edəcək. Artıq "Cənub Qaz Dəhlizi” vasitəsilə Azərbaycanın mavi yanacağı Avropa bazarına çıxarılır. Bu da təbii ki, İtaliya Azərbaycan arasında iqtisadiyyat dövriyyəsinin daha da artmasına səbəb olacaq”.
Millət vəkili nəzərə çatdırıb ki, yenidənqurma və bərpa işlərində İtaliya şirkətləri iqtisadi aktivliyin formalaşmasında yaxından iştirak edəcəklər: "Bundan əlavə İtaliya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidənqurma və bərpasında iqtisadi aktivliyin formalaşmasında yaxından iştirak edəcəklər. Artıq İtaliya şirkətləri ilə yarımstansiyaların qurulması və enerji təminatı ilə bağlı anlaşma imzalanıb və növbəti mərhələdə bu şirkətlər digər sektortarda da öz sərmayə qoyuluşlarını davam etdirəcəklər. Bu da ondan xəbər verir ki, biz növbəti illərdə iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etməsi və ticarət dövriyyəsinin artmasını müşahidə edə biləcəyik”.