Millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı Qarabağda baş verən son proseslər, bu proseslərdə Azərbaycanın atmalı olduğu addımlar, eləcə də ziyalıların, xaricdə yaşayan soydaşlarımızın boynuna düşən işlər, diaspor fəaliyyətində aktual istiqamətlərlə bağlı vacib bir yazı ilə çıxış edib.
Axar.az həmin yazını təqdim edir:
44 günlük Vətən Müharibəsi Azərbaycan ordusunun parlaq qələbəsi ilə başa çatsa da Azərbaycan və Ermənistan arasında hələ sülh sazişi bağlanmayıb. Silahın gətirdiyi nəticə rəsmi sözlə və müqavilələrlə təsdiqlənməyib. Hələ torpağımızın bir hissəsində erməni terrorçuları baş qaldırmağa fürsət gözləyir, Rusiya sülhməramlılarının arxasında gizlənib bizə barmaq silkələyirlər. Ermənistanın qarşıdakı seçkiləri Moskvada imzalanmış üçtərəfli razılaşmanın taleyinə necə təsir göstərəcək, bilmirik. Torpaq itkisinin ağır, mənəvi, psixoloji, hərbi sarsıntılarından qurtarandan sonra indi də azad edilmiş yurdlarımızda erməni vəhşiliklərindən “yadigar” qalmış viranəliklərin dözülməz ağrılarını yaşayır, oradakı şəhər və kəndlərmizin tezliklə bərpa edilməsinin dərdini çəkirik. Lakin bu ağrı və qayğılar millətin qələbə ilə başlanan yüksək qürur və iftixarını zədələyə bilməmişdir.
Məni narahat edən məsələ bu qələbə ovqatı içərisində ən vacib vəzifələrimizə, görülməsi zəruri olan işlərimizə yenə də laqeyd yanaşmaq təhlükəsidir. Ermənistan Qarabağda məğlub olsa da, yalançı təbliğat və əsassız böhtan meydanlarında özünü yenə xaçpərəst dünyasının ərköyün övladı kimi aparmaqdadır. Eçmiədzin və İravandan başlanan çirkab selləri yenə ölkədən-ölkəyə axır, yenə dünyanın gözünün qarşısında baş vermiş və Azərbaycanın haqlı olduğunu sübut etmiş savaşın ədalətli yekununa şübhəli yanaşmalar qəzetdən-qəzetə adlayır; erməni lobbisi və diasporunun güclü olduğu ölkələrdə ermənipərəst siyasilərin canfəşanlığı davam edir; Rusiyada erməni və yarıermənilərin dəyirmi masalarında Azərbaycana kinlə dolu çıxışlar uc-uca calanır; dizə çökdürülmüş erməni ordusunun dirçəldilməsi və Ermənistana yardım göstərilməsi üçün yollar axtarılır, Moskvanın siyasətdən uzaq qəzetlərindən belə imkan düşdükcə Azərbaycanın bostanına daşlar atılır.