MDB-nin fəaliyyəti demək olar ki, görsənmir. Aparılan tədqiqatlara görə, bu təşkilatın qəbul etdiyi qərarlar əksər üzv ölkələr tərəfindən icra edilmir. Bugünkü görüşdə də real nəticələrin olacağına, hansısa ciddi məsələlərin müzakirə ediləcəyinə inanmıram.
Bu sözləri Axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının Moskva şəhərində keçirilən iclası haqda danışarkən deyib.
Politoloqun sözlərinə görə, MDB XİN başçılarının müəyyən bir cədvəli var və nazirlər bu cədvəldə nəzərdə tutulan vaxtlarda bir araya gəlir:
“Mənim bu görüşlərdə kifayət qədər iştirakım olub. Orada qəbul edilən qərarların icrası hər zaman maneə ilə üzləşib. Çünki MDB ölkələrinin bir çoxu arasında ziddiyyət var. Bunun məntiqi yekunudur ki, artıq bəzi ölkələr təşkilatı tərk edib. Bu mənada Moskva şəhərində MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasından gözləntilər elə də çox deyil. Ciddi bir məsələnin müzakirə ediləcəyi, ya da hansısa bir ciddi qərarın qəbul ediləcəyini gözləmirəm”.
Politoloq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-rəsmi Zirvə görüşünün ardınca MDB Xarici İşlər Nazirləri Şurasının görüşünün keçirilməsinə də münasibət bildirib:
“Bu, xüsusi bir məna ehtiva etmir. Yəni bunda heç bir qeyri-adi məqam yoxdur.
TDƏŞ qeyri-rəsmi Zirvə görüşü ilə göstərdi ki, bu təşkilat yaxın perspektivdə ciddi işlər görəcək və gözləntilər böyükdür. Xüsusilə sammitdə türkdilli dövlətlər arasında kommunikasiyaların qurulması, regionda əlaqələrin bərpası, Zəngəzur koridoru barədə məsələlərin əsas müzakirə mövzusu olması onu göstərir ki, bu təşkilat ciddi bir stimul alıb, real layihələrin icra edilməsi üçün addımlar atacaq”.