Milli Məclisin plenar iclasında çıxış edən deputat Siyavuş Novruzov 2016-cı ilin Aprel döyüşlərində qazanılan qələbə münasibətilə təbriklərini çatdırıb.
Axin.az Musavat.com-a istinadən xəbər verir ki, S.Novruzov 44 günlük qələbənin əsasının məhz 5 il öncəki döyüşlərdə qoyulduğunu vurğulayıb.
Daha sonra S.Novruzov dövlət bayrağının asılma qaydası il bağlı fikirlərini çatdırıb. Deputat bildirdi ki, biz parlamentdə dövlət atributları haqqında qanun qəbul etmişik. 44 günlük müharibə dövründə və ondan sonra Azərbaycan vətəndaşları dövlət bayrağımıza böyük ehtiram nümayiş etdirərək, unikal bayrağımızı yaşadığı, işlədiyi ünvanlarda asdılar. Ancaq S.Novruzov dedi ki, müəyyən müddət keçdikdən sonra dövlət atributlarının necə, harada asılmalı olmasına diqqət etməliyik.
Onun sözlərinə görə, bir sıra hallarda bayrağımızın asıldığı eyvanlardan başqa əşyaların da asıldığı müşahidə olunur ki, bu da normal deyil. Deputat dedi ki, bayrağa bütün xalqımızın böyük məhəbbəti var. Bu məhəbbəti biz ürəyimizdə bildirməklə yanaşı, onun bayram günlərində asılmasına diqqət yetirməli, digər günlərdə isə parlamentin qəbul etdiyi qaydalara uyğun olaraq dövlət bayrağına münasibətimizi ifadə etməliyik.