Berlin Rusiyanın "Sputnik V" peyvəndinin Avropa İttifaqına tədarükü ilə bağlı Moskva ilə əməkdaşlıq ideyasını irəli sürür, Paris isə buna qarşı çıxır.
“Monde” qəzeti, Almaniyanın Rusiya ilə "əməkdaşlıqda israr etdiyini", Fransanın isə "müqavimət göstərdiyini" yazır. Ümumiyyətlə, qəzetin qeyd etdiyi kimi, Rusiya peyvəndi məsələsi Avropa İttifaqında bölünmə yaradıb. Avropa Komissiyasının hələ "Sputnik V"-nin istehsalçısı ilə danışıqlar aparmadığı, ancaq bəzi Avropa mənbələrinin bunun özünü çox gözlətməyəcəyinə inandığı bildirilir. RİA Novosti xəbər verir ki, Almaniya da daxil olmaqla bəzi Aİ dövlətlərinin “Sputnik V” vaksininin alınması üçün təzyiq göstərdikləri vurğulanır. Bu vaskinin effektivlik göstəricisinin digərlərindən daha yüksək olması və qiymətinin daha münasib olması qeyd olunur.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron videokonfrans vasitəsilə danışıqlar aparıblar. Kremlin verdiyi məlumata görə, "Rusiya vaksini “Sputnik V”-nin Avropa İttifaqında qeydiyyatı perspektivlərini, bu dərmanın Aİ ölkələrində mümkün tədarükü və birgə istehsalını" müzakirə ediblər. Almaniya Nazirlər Kabineti və Yelisey Sarayının mətbuat xidməti peyvəndin qiymətləndirilməsinin digər peyvəndlərə tətbiq olunan eyni standartlara uyğun olaraq aparıldığını qeyd edib.