"Dövlətimizin başçısı İlham Əliyevin planetimizin hər yerində COVID-19-un tüğyan etdiyi bir vaxtda-ötən ilin aprel ayından başlayaraq dünya dövlətlərinə və beynəlxalq təşkilatlara ünvanlanan "Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir” çağırışı dünyanın biri-birinə əks olan qütblərini bir araya gətirdi, həmrəyliyin və əməkdaşlığın dəhşətli virusla mübarizədə əhəmiyyətli rol oynadığını əsaslı şəkildə diqqətə çatdırdı”.
Yenisabah.az xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, ötən il möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşləri, BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirilib: “Dövlətimizin başçısı beynəlxalq aləmə ünvanladığı müraciətlərində bu həqiqəti dönə-dönə təkrar edir ki, ölkələr arasında dostluq, həmrəylik və qarşılıqlı dəstək hər bir məsələnin həllində ümumi mövqenin ortaya qoyulmasında xüsusi rol oynayır. Bir qayda olaraq öz vədinə, mövqeyinə sadiq qalan Prezident İlham Əliyev bütün ümumbəşəri problemlərin həllində olduğu kimi, pandemiya ilə mübarizədə də qlobal liderlik rolunu öz üzərinə götürdü. Azərbaycan COVID-19-la mübarizə tədbirləri çərçivəsində 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərdi. Koronavirusla mübarizə məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü ianə etdi. Onun 5 milyon dolları pandemiya ilə bağlı ümumi tədbirlərə, 5 milyonu isə Qoşulmama Hərəkatına üzv olan kasıb ölkələrə yardıma istiqamətləndirildi.”
Baş redaktor diqqəti bu günlərdə BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə irəli sürülən “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbuluna yönəldərək bildirib ki, ölkəmizin beynəlxalq nüfuzunun, İlham Əliyevə beynəlxalq aləmdə gündən-günə artan inam və etimadın göstəricisi kimi qəbul olunan belə mühüm addımların əsasında məhz dövlətimizin həyata keçirdiyi düşünülmüş və gələcəyə hesablanmış siyasət, ən əsası ədalət və humanizm prinsiplərini öndə saxlaması dayanır.