İşğaldan azad edilmiş ərazilərimizdə başlanan quruculuq işləri sürətlə davam edir.
Artıq ölkə başçısının imzaladığı fərmanla şəhərsalma fəaliyyətinin idarəçiliyini həyata keçirəcək qurum da müəyyənləşib.
Belə ki, Prezident İlham Əliyev “İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında” Fərman imzalayıb.
Fərmana əsasən, müəyyən edilib ki, işğaldan azad edilmiş ərazilərdə tikinti məqsədləri üçün torpaq sahələrinin istifadəyə və ya icarəyə verilməsi, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi, məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri müvafiq ərazinin planlaşdırılması tələblərinə uyğunluğunun müəyyən edilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə olunub.
Quurm həmçinin, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektinin inşasının başa çatması barədə müvafiq məlumatların Tikintilərin Dövlət Reyestrinə təqdim edilməsi, habelə icazələrin verilməsindən və uyğunluğun müəyyən edilməsindən irəli gələn digər səlahiyyətlərin həyata keçirilməsi, tikinti məqsədləri üçün ayrılması nəzərdə tutulan torpaq sahələrinin kateqoriyalara aid edilməsi və ya onların bir kateqoriyadan digərinə keçirilməsi ilə bağlı səlahiyyətləri müvəqqəti olaraq həyata keçirəcək.
Məlumdur ki, şəhər və rayonlarımızda torpaq sahələrinin böyük hissəsi bələdiyyələrin qeyri-qanuni bölgüsü əsasında oliqarxların əlinə keçib. Torpaqların düzgün bölüşdürülmədiyini ölkə başçısı da öz çıxışlarında vurğulayıb.
Maraqlıdır, işğaldan azad olunmuş əraziləri də eyni aqibət gözləyir?
Cebhe.info-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, əgər işğaldan azad olunmuş ərazilərimizdə də ictimai nəzarət mexanizmi indiki kimi işlək olmasa, həmin ərazilər də qanunsuz olaraq bir qrup oliqarxın əlinə keçəcək:
“İşğaldan azad olunmuş ərazilərin bərpasında ictimai nəzarət olmayacaqsa, eyni hal baş verəcək. Biz mütləq çalışmalıyıq ki, işğaldan azad edilmiş ərazilərdə tikinti məqsədləri üçün torpaq sahələrinin istifadəyə və ya icarəyə verilməsi prosesində ictimai nəzarət güclü olsun. İlk növbədə, həmin ərazilərdən didərgin düşmüş soydaşlarımız, orada üstün səlahiyyətlərlə, imtiyazlarla orada öz paylarını almalıdırlar. Əsas güclü ictimai nəzarət olmalıdır ki, bölgü ədalətli aparılsın. Təkcə həmin ərazilərdə deyil, ümumiyyətlə Azərbaycanda islahatların aparılmasını, cəmiyyətdəki narazılığın aradan qaldırılmasını istəyiriksə, ictimai nəzarət mexanizmlərini mütləq işə salmalıyıq”.