Ermənistanda repressiyanın növbəti dalğası başlayır. Özünü demokrat adlandıran Ermənistanın Baş naziri Nikol Paşinyan siyasi rəqiblərini həbsə atmaqda israrlı görünür. Belə ki, artıq Ermənistanın İstintaq Komitəsi müxalifət lideri Vazgen Manukyan və Baş Qərargah rəisi Onik Qasparyana qarşı cinayət işi açılıb. Bundan əvvəl isə eks-prezident Robert Köçəryana qarşı ittiham irəli sürülərək məhkəmə prosesinə başlanılmışdı.
Maraqlıdır, Nikol Paşinyan nə üçün siyasi rəqiblərini sivil yolla neytrallaşdırmaq yerinə, onları həbs etdirir, opponentlərinə qarşı qeyri-demokratik mübarizə metodundan istifadə edir?
Politoloq Yusif Bağırzadə Yenisabah.az-a açıqlamasında qeyd edib ki, baş verənlər erməni toplumunun dövlətçilik prinsiplərinə uyğun olmadığını göstərir:
“Demokratik və yaxud qeyri-demokratik seçkilərin keçirilməsi, o cümlədən idarəetmənin formatı dövlətə aiddir. Ermənistana isə dövlət demək olmaz, onlar sadəcə kilsə tərəfindən yaradılan bir toplumdur. Prezident də Şuşa şəhərinə səfərində bu məsələyə toxundu. Bu gün onlar çökür. Siyasi hadisələr göstərir ki, bu toplum dövləti idarə etmək iqtidarında deyil. Elə buna görə Prezident İlham Əliyev Paşinyana, “Əgər sən dövləti idarə edə bilmirsənsə, bayrağını endir, başqa dövlətin bayrağını qaldır və onun quberniyasına keç”,- dedi.
Rusiya siyasi xadimləri, bizim xadimlərimiz, elə Ermənistanın özündə yaşayan qeyri-dövlət təşkilatlarının nümayəndələri də həmişə deyib ki, Ermənistan Rusiyanın bir for-postudur. Bu gün Ermənistanda Paşinyanın “demokratik” yolla hakimiyyətə gəlmə prinsipləri göstərir ki, bu, puç bir siyasətdir”.
Həsöhbətimiz diqqətə çatdırıb ki, N.Paşinyan hakimiyyətə gəldiyi gündən bu günədək ancaq repressiv dövlət idarələrindən istifadə edib:
“Bu yolla o, öz siyasi opponentlərini həbslərə və təzyiqlərə məruz qoyur. Bununla da qeyri-demokratik yolla hakimiyyətə gəldiyini bir daha bəyan edir. Bildiyim qədərilə oradakı mövcud münaqişə belə yaranıb ki, Paşinyan Sünik bölgəsinə girəndə yerli camaat ona qarşı etiraz aksiyası keçirdiyi üçün Baş Qərargah rəisinə müraciət edərək əlavə qüvvə verilməsini istəyib. Paşinyan həmin səfərdə olduğu müddətdə Qarabağ klanının iki nümayəndəsi – Serj Sarkisyan və Onik Qasparyan - arasında telefon danışığı olub. Həmin danışıqda Sarkisyan Oniki ittiham edib və “Sən nəyə görə Paşinyana köməklik edirsən ki, bu bölgələrə səfər etsin”, - deyib. Həmin telefon danışığını isə istintaq orqanları qeyd ediblər. Bu gün-sabah bununla bağlı açıqlama veriləcək. Bir daha Qasparyan və Sarkisyan haqqında istintaq tədbirləri görüləcək. Bəli, Paşinyan siyasi opponentləri istintaq orqanları vasitəsilə aradan qaldırır. Hakimiyyətin idarə edilmə forması Ermənistanda heç vaxt demokratik olmayıb, olmayacaq, çünki orada dövlət yoxdur”.
Sayad HƏSƏNLİ