“Terrorizmə qarşı da Azərbaycan Türkiyənin yanında olmalıdır”
Türkiyə Qarabağ məsələsində, Ermənistanın işğalına son verilməsi, erməni separatizminin darmadağın edilməsi prosesində Azərbaycana hərtərəfli ciddi dəstək verdi, yekunda tarixi qələbə qazandıq.
Qardaş ölkə daim ən yüksək səviyyədə - hətta Qazi Mustafa Kamal Atatürk zamanından - bəyan edib ki, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Ötən əsrin əvvəllərində də həm Osmanlı Türkiyəsi Azərbaycana, Azərbaycan isə Türkiyəyə torpaqlarının xilası naminə qarşılıqlı dəstək veriblər, bu savaşlarda minlərlə oğullarımız qurban gedib, onların xatirəsi daim yüksək tutulur, nümunə olaraq xatırlanır. Azərbaycanın Qarabağ məsələsində sonadək qalibiyyət əldə etməsi üçün qardaş ölkə bu gün də yanımızdadır. Elə Ağdamdakı Birgə Monitorinq Mərkəzində Türkiyə hərbi heyətinin olması, həmçinin ərazilərin minalardan təmizlənməsində türk qardaşlarımızın iştirakı da bu birgəliyin növbəti təzahürüdür. Bundan əlavə, Türkiyəyə məxsus şirkətlərin Qarabağın quruculuğu işində iştirak etməsi quruculuq illərindəki əməkdaşlığın davamlı olacağından xəbər verir. Ancaq Türkiyə özü də terrordan əziyyət çəkir. Elə bugünlərdə 16 türkiyəli qardaşımız alçaq PKK-nın xain hücumuna məruz qalaraq qətlə yetirildi. Bundan sonra Türkiyə növbəti genişmiqyaslı əməliyyatlara başladı və terrorçuların kökünün kəsilməsi istiqamətində qətiyyətli addımlar atdı. Sözsüz ki, Türkiyə nəhəng ölkədir və xain düşmənlərlə mübarizədə öz gücünə arxalanır. Bəs Azərbaycan PKK məsələsində Türkiyəyə hansı dəstəyi verə bilər? Türkiyədə istəklər varmı bununla bağlı? Yeri gəlmişkən, bir ara Qarabağda da PKK kamplarının olması Türkiyə mediasında əksini tapırdı. Ermənistanın da PKK ilə işbirliyi faktdır. Belə olan təqdirdə PKK-ya qarşı mübarizədə də birgə əməkdaşlıq zərurətə çevrilir.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Yeni Müsavat”a bununla bağlı açıqlamasında qardaş ölkəyə dəstəyi vacib saydı: “Müşahidələrimizə görə, PKK məsələsində də iki qardaş ölkə arasında əməkdaşlıq var. PKK terrorçuları müəyyən vaxtlarda çirkin məqsədləri üçün Azərbaycan ərazisindən istifadə ediblər. Qeyri-rəsmi bəzi söz-söhbətlər də olub. Türkiyə həmişə Azərbaycandan bu məsələdə həmrəylik istəyib. İndən sonra bu münasibətlərin daha isti olacağına inanırıq. Qardaş ölkə terror bəlasından çox əziyyət çəkir, son günlərdə də dəhşətli terror aktı ilə bağlı məlumat yayıldı. İnanırıq ki, Türkiyə bu bəlanın öhdəsindən gələcək, biz də həm dövlət, həm də cəmiyyət səviyyəsində qardaşlarımıza dəstək olmalıyıq”.
Qarabağın Azərbaycanlı icması təxribatlara çevik reaksiya verir - Akif Nağı - Modern.Az Azərbaycan və dünya xəbərləri
Akif Nağı
A.Nağı qeyd etdi ki, Qarabağda PKK düşərgələrinin olması ilə bağlı məlumatlar da zaman-zaman mətbuata sızıb: “İndi, qələbəmizdən sonra bu məsələnin dəqiqləşdirilməsi, zəruri tədbirlərin görülməsi üçün də imkanlarımız genişlənib. Üstəlik, Türkiyə hərbçilərinin Birgə Monitorinq Mərkəzi çərçivəsində bölgəyə gəlməsi də əlavə imkanlar açıb. İki qardaş ölkə PKK cinayətlərinin açılması, canilərin cəzalandırılması istiqamətində daha sıx əməkdaşlıq etməli, həm də bu faktları dünya birliyinin diqqətinə çatdırmalıdır”.
63 yaşlı Qafar Çaxmaqlı: “Həmişə hər şeyi sıfırdan başlamışam” - MÜSAHİBƏ - Modern.Az Azərbaycan və dünya xəbərləri
Qafar Çaxmaqlı
İrəvan Mühacir Hökumətinin rəhbəri, politoloq Qafar Çaxmaqlı də bildirdi ki, Azərbaycanla Türkiyə təbii olaraq bəzi stratejiləri birlikdə etməyə məcburdur: “Artıq hərbi siyasi və diplomatik sahələrdə ölkələrimiz birgəliyi təmin edirlər. Terrorizmə qarşı da Azərbaycan Türkiyənin yanında olmalıdır”. Q.Çaxmaqlı bildirdi ki, PKK yalnız Türkiyəni təhdid etmir: “Dağlıq Qarabağda elə indinin özündə PKK-lılar var. Azərbaycan öz imkanlarından istifadə edərək bu örgütə qarşı mübarizədə bəzi fəaliyyətləri həyata keçirməlidir. Azərbaycan da PKK yanlılarını və ona dəstək verənləri tutub Türkiyəyə təhvil verməlidir. İraqın və Suriyanın şimalında dəstək verməlidir”.