"İstənilən döyüşən dövlətin ordusunda minalanmış ərazilərin xəritələri olmalıdır. Ermənistan ordusunda da ən azından öz minalarının qurbanına çevrilməmələri üçün bu cür xəritələr olmalıdır”.
Sfera.az-ın məlumatına görə, bu haqda Day.Az-a müsahibəsində Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana vermək istəməməsini şərh edərkən azərbaycanlı politoloq Fərhad Məmmədov danışıb.
Politoloqun fikrincə, təxminən otuz illik işğal dövründə keçmiş təmas xətti boyunca yerləşən ərazilər ermənilər tərəfindən daha aktiv şəkildə minalanıb.
"Onu da nəzərə almaq lazımdır ki, 44 günlük müharibə zamanı geri çəkilən ermənilər əvvəllər minalanmamış yaşayış məntəqələrini, meşələri, əkinçilik ərazilərini də minalayıblar. Bu da hazırda əsgər və zabitlərimiz, həmçinin mülki əhali arasında itkilərə səbəb olur. Təəssüf ki, Kəlbəcər, Laçın və Ağdam bölgələrini tərk etmək məqsədilə erməni tərəfinə verilən vaxtdan da işğalçılar sözüsgedən əraziləri minalamaq üçün istifadə ediblər. Bu, bir daha erməni tərəfinin mahiyyətini nümayiş etdirir ", - deyə politoloq bildirib.
Bunun nə məqsədlə edildiyi sualına cavab verən Fərhad Məmmədov söyləyib ki, cavab çox sadədir. İşğalçıların əraziləri minalamaqda əsas məqsədi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışını ləngitmək idi.
"Ermənilər çox yaxşı bilirdi ki, azərbaycanlılar öz əbədi-əzəli torpaqlarına qayıdacaqlar, bu üzdən qayıdışımızı ertələməkçün əllərindən gələni etməyə çalışdılar”, - deyə politoloq bildirib.
Onun fikrincə, üçtərəfli sülh bəyannaməsinin imzalanmasından sonra azad edilmiş ərazilərin minalanmasında əsas məqsəd məhz budur.
"Erməni tərəfinin minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməsinə gəlincə isə, düşünürəm ki, onlar bu yolla Ermənistanda "əsir” adlandırılan təxribatçıların azad edilməsinə nail olmağa çalışırlar. Söhbət hərbi əməliyyatlar bitdikdən sonra təxribat və terror aktları törətmək məqsədi ilə Ermənistandan azad edilmiş ərazilərə göndərilən silahlı terrorçulardan gedir. Bu, mövcud danışıqlar dönəmində bir şantaj elementidir", - deyə Fərhad Məmmədov qeyd edib.