“Cənab Prezident dediyi kimi, indi bizim üçün yeni dövr - quruculuq dövrü başlayır”.
Musavat.com-un məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov qurum tərəfindən 2020-ci il ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş brifinqdə bildirib.
S.Məmmədov qeyd edib ki, müharibə davam etdiyi bir zamanda, ölkə rəhbəri Tərtər rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndi işğaldan azad edilən kimi uzunluğu 29 km olan Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolunun bərpası tapşırığını verib:
"Bu gün fərəh hissi ilə bildirirəm ki, bu tapşırıq “54 və 17 №-li Yol İstismarı” MMC tərəfindən dekabr ayının 20-də asfalt-beton örtüyünün alt qatı səviyyəsində yerinə yetirilib. 9 m enində asfalt-beton örtüyü olan ümumi eni 12 m çox gözəl bir avtomobil yolu tikilib. Tapşırığa uyğun olaraq Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolunun, Goranboy rayonunun Tap Qaraqoyunlu və Naftalan rayonunun Qaraqaşlı sanatoriyasından keçməklə Naftalan şəhərinədək davam etdirilməsi, beləliklə Tərtər rayonu ilə Goranboy və Naftalan rayonları arasında alternativ yeni bir avtomobil yolu bağlantısı yaradılması işləri də davam etdirilir”.
Onun sözlərinə görə, Prezidentin vacib tapşırığı Azərbaycanın tacı, abidələr şəhəri, mədəniyyət mərkəzi Şuşaya Füzuli rayonu ərazisindən yeni birinci dərəcəli avtomobil yolunun çəkilməsi ilə bağlı olub:
"Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 16-da işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında olarkən Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişinin təməli qoyulub. Avtomobil yolunun inşası “7 № -li Magistral Yol İistismarı” MMC, “16 № -li Xüsusi Təyinatlı Yol İistismarı” MMC, “AzVİRT” MMC və Türkiyənin 2 şikəti – “Kolin İnşaat Sanaye Turizm ve Ticaret A.Ş” və “Özgun Yapi Senaye ve Ticaret AŞ Şirkətləri” tərəfindən davam etdirilir. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mülkiyyətində olan 2661 km uzunluğunda avtomobil yolu və 90 ədəd körpü də var".