Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Laçın rayonunun Güləbird kəndində çıxışı zamanı mühüm açıqlamalarla çıxış edib. O, işğaldan azad edilmiş Laçında səsləndirdiyi və erməni revanşizmi üçün "ölüm hökmü” sayılan bəyanatında xəbərdarlıq etdi ki, erməni faşizminin yenidən baş qaldırmasına imkan verilməyəcək:
"Bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışır. Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın”.
Maraqlıdır, Azərbaycan tərəfinin şanlı zəfərindən sonra erməni təxribatçılarının revanşist çağırışları nə vəd edir?
Mövzu ilə bağlı fikirlərini Sfera.az-a bölüşən Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, erməni tərəfinin revanşist ovqatı düşmən ölkəyə daha böyük fəlakətdən başqa heç nə vəd etmir:
"Ağır məğlubiyyətdən sonra hələ də özünə gəlməyən Ermənistanın siyasi elitası ən müxtəlif variantlarla yenidən erməni cəmiyyətini müharibə əhval-ruhiyyəsinə kökləməyə çalışır. Həqiqət isə başqadır. Azərbaycan Prezidentinin dediyi kimi Milli Ordumuz Ermənistana ağır və sarsıdıcı zərbə vurub. Müzəffər Ordumuz Ermənistanı son dərəcədə ağır duruma salıb. Müharibəsən sonrakı bütün proseslər isə Azərbaycanın nəzarəti altındadır”.
Deputat qeyd edib ki, yeni müharibə ovqatı Ermənistanı daha zəlil duruma sala bilər: "Ermənistan baş verənlərdən nəticə çıxarmayaraq, Azərbaycan və Türkiyəyə qarşı əsassız ərazi iddialarından imtina etməsə çox ağır duruma düşərək dövlət kimi məhvolma fazasına qədəm qoyacaq. Ermənilər ölkələrində normal cəmiyyətin qurulmasını, Cənubi Qafqazın 3 ölkəsi arasında münasibətlərin yüksək səviyyədə formalaşmasını istəyirlərsə, bütün çirkin əməllərindən əl çəkməlidir. Lakin hələ də bu ölkədə revanşist qüvvələr üstünlük təşkil edir. Bütün bunlar Azərbaycan Prezidentinə bəllidir. Ona görə də Prezident onlara ciddi xəbərdarlıq etdi. Bu xəbərdarlıqdan nəticə çıxarmasalar ermənilər növbəti fəlakəti yaşamalı olacaqlar”.