Xəbər verdiyimiz kimi, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun Qarabağın statusu barədə söylədiyi fikirlər birmənalı qarşılanmadı. Onun tələsmədiklərini deməsi və vaxtı gələndə bu məsələyə toxunulacağına işarə vurması xeyli müzakirələrə səbəb oldu.
Məsələyə münasibət bildirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Sfera.az-a açıqlamasında bildirdi ki, gələcəkdə vəziyyətin hansı şəkil alacağı hazırda sual altındadır:
"Başa düşməliyik ki, status mövzusu bir növ təzyiq instrumentidir. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəsmiləri bu və ya digər hallarda belə məqamlardan istifadə edirlər. Putinlə Medvedyevin Qarabağın statusu ilə bağlı şərhində isə siyasi status məsələsindən söhbət getməyib. Status məfhumu vəziyyət mənasını verir. Vəziyyətin gələcəkdə nə şəkildə formalaşacağı isə hələlik sual altındadır. Siyasi status məfhumu isə ATƏT-in Minsk konfransının mandatında təsdiq olunmuş formadır. Orada həqiqətən də siyasi status məsələsindən söhbət gedir”.
Sabiq nazir onu da vurğuladı ki, müharibədən sonra Azərbaycan dövlət başçısının status-kvonun dəyişdiyi barədə verdiyi bəyanat artıq bu məsələnin Bakı üçün aktual olmadığını göstərir:
"1992-ci ildə, Minsk qrupunun fəaliyyətinin ilk illərində Azərbaycan siyasi status məsələsində beynəlxalq vasitəçiliyi qəbul edib. 30 il ərzində vasitəçilik heç bir nəticə verməyib. İndi isə tamam başqa vəziyyət yaranıb. Artıq Ermənistanın Azərbaycana təcavüzünün nəticələri aradan götürülüb və götürülməkdədir. İndi Ermənistanla əlaqələr Qarabağ mövzusunda yox, iki qonşu ölkə arasında olan vəziyyət səviyyəsindədir”.
Keçmiş diplomat qeyd etdi ki, hazırda Türkiyə və Rusiyanın köməyilə ermənilərin Qarabağda kompakt yaşadığı ərazilərin də Azərbaycana inteqrasiyası prosesi başlanıb:
"Azərbaycanda kompakt yaşayan erməni əhalisinə gəldikdə, burada vəziyyəti normallaşdırmaq üçün Bakı özünə iki tərəfdaş seçib, Ankara və Moskvanı. Onların köməyilə bu bölgənin Azərbaycana inteqrasiyası prosesi baş verir.
Kim harda, nə deyibsə, özü bilər. Rusiya və Türkiyə dövlət başçıları da birmənalı bəyan ediblər ki, ermənilərin kompakt yaşadığı Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bununla söhbət bitdi”.