Milli Məclisin sabiq deputatı Çingiz Qənizadənin Yeni Azərbaycan Partiyasına üzv olması barədə informasiya yayılıb.
Axin.az xəbər verir ki, Modern.az saytı yayılan xəbəri dəqiqləşdirmək üçün Çingiz Qənizadənin özü ilə əlaqə saxlayıb.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə yayılan məlumatın doğru olduğunu bildirdi.
Çingiz Qənizadədən bu seçimin nədən qaynaqlandığını soruşduqda, o, suallarımıza belə cavab verdi:
“Mən niyə YAP-ı seçdim?.. Müasir demokratik Azərbaycan Respublikasının banisi və qurucusu olan ulu öndər Heydər Əliyevin ən istedadlı yetirməsi və davamçısı kimi İlham Əliyev yeni əsrin yeni lideri olaraq, Azərbaycanımızı inamla irəli aparıb, ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsini təmin edib. Onun ölkəmizə rəhbərlik etdiyi dövrlərdə çevik və qətiyyətlə qəbul etdiyi qərarlar nəticəsində dövlətimizin artan inkişaf tempinə nəzər saldıqda bütün xalqımız bugünkü müstəqil, qüdrətli və stabil Azərbaycana görə ulu öndər Heydər Əliyevə və İlham Əliyevə minnətdardır. İlham Əliyevin dövlətimizə, xalqımıza və onun milli maraqlarına xidmət edən siyasətinin qayəsində duran əsas prinsiplərin - Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi, milli və dövlət maraqlarının təmin edilməsi, Azərbaycan dövlətinin iqtisadi qüdrətinin artırılması və xalqımızın sosial rifahının yaxşılaşdırılmasına yönələn addımları, bu istiqamətdə vermiş olduğu sərəncamlar, fərmanlar, qəbul edilmiş Dövlət proqramları, Strateji Yol xəritələri və s. kimi bütün işlər bizə bugünkü qüdrətli və dünyada artıq söz sahibinə çevrilmiş Azərbaycan dövlətini bəxş edib. Cənab Prezident - Azərbaycan Respublikasının Ali Baş Komandan kimi 17 il bundan öncə xalqımıza vermiş olduğu daha bir sözü və ən müqəddəs işi layiqincə yerinə yetirdi. Cəmi 44 gün ərzində Qarabağı işğaldan azad edərək, xalqımızın 30 illik həsrətinə son qoymuş oldu”.