Robert Köçəryanın Moskvaya səfər edəndən sonra seçkilərdə iştirak edəcəyini bildirməsi Ermənistanın siyasi palitrasında yenidən hərəkətliliyə səbəb olub.
Belə ki, sabiq prezidentin "seçkilərdə iştirak edəcəyəm” sözlərindən sonra hakim partiya növbədənkənar seçkilər keçirməmək barədə qərar verib. Halbuki Paşinyan bir qədər əvvəl erkən seçkiləri istisna etməmişdi. Hakim partiya qərarını belə əsaslandırıb ki, cəmiyyətin əksər hissəsinin növbədənkənar seçki tələbi yoxdur.
Müşahidəçilər Paşinyanın geri addım atmasını Köçəryanın Moskva səfəri ilə əlaqələndirirlər. Çünki 44 günlük döyüşlərdən sonrakı proseslərdə Qarabağ klanının lideri kölgədə qalmağa çalışır, daha çox Paşinyana qarşı birləşmiş 17 partiyaya təlimatlar verirdi. Amma birləşmiş müxalifətin bütün çabalarına baxmayaraq, Ermənistanda Paşinyan hakimiyyətinə qarşı ciddi etiraz aksiyası təşkil edə bilmədilər. Məhz bundan ruhlanan Paşinyan erkən seçki barədə inamlı danışaraq əleyhdarlarını nokaut etmişdi. Görünənlər onu deməyə əsas verir ki, Köçəryanın Moskva səfərindən sonra Ermənistanda təşəbbüs yenidən müxalifətə keçib, hakimiyyət isə proseslərdə vaxt qazanmağa çalışır.
Artıq Köçəryan açıq mətnlə Paşinyanı xəyanətdə ittiham edir, Qarabağın itirilməsini Paşinyanın müharibəni qəsdən uduzduğu kimi qiymətləndirir. Köçəryana görə, Ermənistanın normal iqtisadiyyatı və güclü diplomatiyası olsaydı, Azərbaycan bu qədər uğur qazana biməzdi və s. Göründüyü kimi, Xocalı qatili yenə 90-cı illərin şuarları ilə erməni cəmiyyətinin dəstəyini alacağına ümid edir. Gerçəklik isə başqadır. Paşinyanın dediyi kimi, Petrosyan, Köçəryan və Sərkisyanın prezidentliyi dövründə Ermənistan hərbi üstünlüyündən diplomatik cəbhədə yararlana bilməmiş və bu da 44 günlük döyüşlərdə rəsmi İrəvanın beynəlxalq arenada müdafiəsiz qalmasını şərtləndirmişdi. İqtisadiyyata gəldikdə də Paşinyan hakimiyyətini günahlandırmaq qətiyən düz olmaz. Məhz Qarabağ klanının (Köçəryan və Sərkisyan) hakimiyyətdə olduqları müddətdə Ermənistan iqtisadiyyatı daha çox korrupsiyaya uğramış və ölkənin strateji sənaye sahələri Rusiyaya satılmışdı. Paşinyan hakimiyyətə gəldiyi 2 il müddətində Ermənistanda monopoliyaya qarşı mübarizə aparmış və geniş ictimaiyyətin nifrətini qazanmış Qarabağ ermənilərini strateji mövqelərdən təmizləməyə başlamışdı. Bunun nəticələri də Ermənistan iqtisadiyyatında zəif olsa da, hiss olunurdu. 44 günlük müharibə və pandemiya fonunda Ermənistanın iqtisadi göstəricilərinin zəifləməsini Paşinyanın aktivinə yazmaq doğru olmazdı. Bu sadə gerçəyi Ermənistan cəmiyyəti də anlayır, ancaq müharibədə uduzmuş hakimiyyətə də etimad göstərmir. Belə bir məqamda korrupsiyada ittiham olunan Köçəryanın aktiv siyasətə qayıtması və uğur qazanacağını vəd etməsi birmənalı qarşılanmır. Çünki Ermənistan cəmiyyətinin qısa müddət ərzində 20 il hakimiyyətdə olan Qarabağ klanının cinayətlərini unudub, yenidən onlara dəstək verməsi mümkün görünmür. Başqa bir tərəfdən isə ermənilərdə Rusiya ilə bağlı formalaşmış "44 günlük döyüşlərdə Ermənistanı meydanda tək saxlayan müttəfiq” düşüncəsi də Köçəryan üçün perspektiv vəd etmir.
Köçəryan nəyə ümid edir?
Göründüyü kimi, Köçəryan gələcək siyasi karyerasının perspektivini Kremldə görür və yaratdığı ittifaqın da adını "Rusiya ilə birlikdə güclü Ermənistan: yeni ittifaq uğrunda” qoyub. Müşahidəçilərin fikrincə, Kreml də yaxın gələcəkdə, yəni ilin sonuna kimi Köçəryanın seçki yolu ilə hakimiyyətə gəlmək şanslarının çox aşağı olduğunun fərqindədir. Amma Paşinyan hakimiyyətini təzyiqdə saxlamaq üçün Köçəryandan alət kimi istifadə olunur. Həmçinin, Qərb ölkələrində fəaliyyət göstərən güclü erməni lobbisinin dəstəyi ilə Ermənistanın Rusiyadan uzaqlaşdırılması prosesini tormozlamaq istəyir. Köçəryanın bunu nə qədər bacaracağı da sual altındadır. Çünki Qarabağ klanının əsas adamlarından biri olan sabiq president Serj Sərkisyanın baxışları Köçəryandan fərqli olaraq Ermənistanın Avropaya inteqrasiya yolu seçməsi yönündədir. Bu baxımdan Ermənistanı faktiki olaraq Rusiyaya birləşdirəcəyini deyən Köçəryana Qarabağ klanının da birmənalı dəstək verəcəyi gözlənilmir…