“İran Ermənistanla Azərbaycan arasında Qarabağ müharibəsinin bitməsini alqışlayır, çünki bu hadisə İslam Respublikasının təhlükəsizlik səviyyəsini yüksəltməyə kömək edəcək. Biz qonşularımız Azərbaycan və Ermənistan arasındakı müharibənin Rusiyanın sülh təşəbbüsü və cənab Vladimir Putinin səyləri sayəsində sona çatmasından çox məmnunuq”.
KONKRET.az bunu İranın Rusiya Federasiyasındakı səfiri Kazem Cəlali Rusiya mətbuatına müsahibəsində söyləyib.
O əlavə edib ki, “Azərbaycan və Ermənistan arasındakı münasibətlərdə təhlükəsizliyin təmin edilməsi üçün şəraitin yaradılması ölkəmizin təhlükəsizliyinin artırılmasına kömək edə bilər”.
İranlı diplomat bu yaxınlarda İran Xarici İşlər Nazirliyinin rəhbəri Məhəmməd Cavad Zərifin Qarabağ ətrafındakı müharibədən sonrakı proseslərdə iştirak edən ölkələrə bir tur etdiyini xatırladıb. “Bu səfərlərin nəticələrinə əsasən, iqtisadi əməkdaşlıq baxımından müvafiq tədbirlər görüləcək ki, bütün bölgə ölkələri bir-biri ilə qarşılıqlı əlaqəyə girə bilsin, xüsusən altı ölkənin 3 + 3 təşəbbüsü çərçivəsində formatında”.