Hakimiyyətlə xalq arasında yaranmış böyük uçurum onu göstərir ki... - Politoloq

Siyasət
25 Oca 2021
14:20



Şənbə günü minlərlə Rusiya vətəndaşı müxalifət lideri Aleksey Navalnının azad olunması tələbi ilə aksiyalar keçirib. Aksiyada polislə etirazçılar arasında qarşıdurma yaşanıb. Xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşının döyülməsi barədə videolar sosial şəbəkədə geniş yayılıb. Narazı kütlə həmin polis işçisinin timsalında bütünlüklə Putin hakimiyyətinə etirazını bildirib. Bu, Kreml və müxalifət arasındakı ən şiddətli qarşıdurma hesab edilir. Çünki protest ölkənin 100-dən çox şəhərini əhatə edib.

Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Yenisabah.az-a açıqlamasında bildirib ki, Rusiyada baş verənlər bu ölkədəki siyasi sistemin böhran mərhələsinə daxil olduğunu göstərir:

“Yəni ölkədə indiki siyasi sistemin oliqarxik inhisarçı xarakterini açıq nümayiş etdirir. Putin və onun ətrafındakı bir dəstə dövlətin iqtisadi resurslarını əllərində cəmləyərək ölkənin normal iqtisadi inkişafına, siyasi islahatların həyata keçirilməsinə əngəl olur. Bu istiqamətdə addımlar atmaq istəyən şəxslərə qarşı isə repressiya aparatını işə salırlar. Bu nöqteyi-nəzərdən Rusiyada ayaqlanmış insanların ölkədə dəyişiklik yarada biləcəyinə ümid çox azdır. Çünki o hakimiyyətin böyük inzibati resursları var. Hakimiyyətlə xalq arasında yaranmış böyük uçurum onu göstərir ki, cəmiyyətin siyasi mahiyyətində varlı, zənginləşmiş təbəqə həlledici rol oynayır və proseslərə də təsir göstərən onlardır. Rusiyada tez-tez səsləndirilən dərin dövlət anlayışı da bu adamların nəzarətindədir. Bu baxımdan proseslər hələ ki təşkilatlanmış və sistemləşmiş bir şəkildə cərəyan etmir. Burada kortəbiilik, sırf emosiyalara söykənən hərəkətlər özünü daha çox biruzə verir”.



Ekspert qeyd edib ki, Rusiya çox böyükdür və bu böyük ölkədə demokratik dəyişikliklər həyata keçirmək o qədər də asan məsələ deyil:

“Rusiyada, həqiqətən də, böyük dövlətçilik anlayışı güclüdür. Onlar yalnız güclü və böyük dövlətlərin ciddi məqsədlərə nail ola biləcəyinə inanırlar və başqalarını da buna inandırmağa çalışırlar. Üstəlik indiki idarəçilərin bir çoxunun keçmişi Sovet dövrünə bağlanır. Sovet dövrünün siyasi sistemi, avtoritar-totalitar idarəçiliyi bu gün Rusiyada tam bərqərar olub və ona görə də Rusiyada dəyişikliklərin həyata keçirilməsinin perspektivləri bir xeyli müşkül görünür”.