20 Yanvar faciəsi nəinki xalqımızı qorxutmadı, əksinə, müstəqillik iradəsini möhkəmləndirdi - Deputat

Siyasət
20 Oca 2021
15:23



Bu gün 31 il öncə totalitar Sovet rejimi tərəfindən xalqımıza qarşı törədilən qanlı 20 Yanvar faciəsini qeyd edirik. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusu günahsız, əliyalın insanları vəhşicəsinə qətlə yetirməklə xalqımzın gözünü qorxutmaq, milli azadlıq, müstəqillik əzmini qırmaq istəyirdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, həmin gecə Bakı şəhərinə totalitar kommunist rejimi olan keçmiş Sovet İttifaqının qoşun hissələri Bakı şəhərinə yeridildi, dinc əhaliyə divan tutuldu və insanlığa qarşı ən ağır cinayətlərdən biri törədildi:

“Bu hadisə nəinki Azərbaycan, ümumiyyətlə, bəşər tarixinə qara hərflərlə yazılan bir günə, qara ləkəyə çevrildi. Yüzlərlə insanın qətlə yetirilməsi, yaralanması və itkin düşməsi totalitar rejimin cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək 82 nəfər amansızcasına qətlə yetirildi, 20 nəfər ölümcül yaralandı. Fövqəladə hal elan olunandan sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürüldü.

Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirildi. Ümumilikdə 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər isə qanunsuz olaraq həbs edilmişdi. Xeyli sayda dövlət əmlakına və mülki obyektlərə zərər vurulmuşdur. Bu faciə SSRİ Konstitusiyasını və Azərbaycan SSR Konstitusiyasını kobudcasına pozmuş, Azərbaycan Respublikasının suverenlik hüquqlarını tapdalamışdır”.

Deputat vurğulayıb ki, öncədən hazırlanan bu təcavüzkarlıq aksiyasının məqsədi Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq idi:

“Lakin bu hadisə xalqımızın mübarizlik ruhunu qıra bilmədi, əksinə, törədilmiş vəhşiliyin qanlı nəticələri, xəyanətkar izləri milyonlarla insanı eyni bir məcraya yönəltdi. Yumruq halına gəlmiş xalqımız heç bir hərbi gücün ram edə bilməyəcəyi qüdrətli bir sipərə döndü. Vətəndaşı olduğu dövlətlərdən xəyanət və qəddarlıq görmüş xalqımız Mərkəzi Komitənin qarşısına axışaraq, qorxub çəkinmədən zirehli texnikanın əhatəsində qalmış dinc əhalimizə, soydaşlarımıza qoşulmağa can ataraq tez bir zaman ərzində zirehli texnikadan hörülmüş hasarı uçurub Sovet rəhbərliyinə əks çıxış etməyə başladılar.

Beləliklə, totalitar rejimin işlətdiyi, qurduğu plan onun özünə qarşı yönəldi. Çoxsaylı insanların, o cümlədən müxtəlif din və xalqların nümayəndələrin qətlə yetirildiyi amansız bu cinayət nəinki xalqımızı qorxutmadı, əksinə, müstəqillik iradəsini möhkəmləndirdi. Məhz bu səbəbdən də faciəvi olsa da, həmin gün Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixində həm də qəhrəmanlıq səhifəsi oldu.
Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər.

Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin, azadlıq istəyinin oyanış günü idi. Bu, uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarixi gündə ilk siyasi qiymət dərhal ümumilli lider Heydər Əliyev tərəfindən verildi. Özü də imperiyanın mərkəzi – Moskva şəhərində. Bununla da, SSRİ rəhbərliyinin gizlətməyə çalışdığı hadisə, informasiya ictimailəşdi.

Bu həmin zaman böyük cəsarət tələb edirdi. Həmin vaxt, atası üçün ağır günlərdə onunla birlikdə olan, 30 il sonra Azərbaycanın Qələbə Səlnaməsinin müəllifi və yaradıcısı olan Müzəffər Ordunun Ali Baş Komandanı, ölkə Prezidenti cənab İlham Əliyev idi.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz 30 il sonra əldə etdiyi qələbə ilə şəhidlərimizin narahat ruhuna rahatlıq gətirdi. Yaşasın Ali Baş Komandan, yaşasın müzəffər Azərbaycan ordusu, yaşasın Azərbaycan!”.