Gürcüstanın səfiri Şəhidlər xiyabanını ziyarət edib

Siyasət
20 Oca 2021
12:54



Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze səfirliyin işçiləri ilə birlikdə 20 Yanvar faciəsinin 31-ci ildönümü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə "Report"a Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, onlar Azərbaycanın azadlığı uğrunda canından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad edib və abidənin önünə gül dəstələri qoyublar.

"Bu gün - yanvarın 20-də Azərbaycan xalqının yaxın tarixinin ən faciəli tarixlərindən biri qeyd olundu. 9 aprel 1989-cu ildə Gürcüstanın paytaxtındakı faciə kimi 20 Yanvar 1990-cı ildə Bakıda keçmiş SSRİ-nin hərbi qüvvələri dinc əhaliyə atəş açaraq ölkənin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü tələb edən mülki əhalini qəddarcasına cəzalandırdı. Qanlı əməliyyatda 133 nəfər həlak olmuş, 744 mülki şəxs xəsarət almışdır", - səfirliyin açıqlamasında qeyd olunub.