Moskva görüşünün gizlinləri: İlham Əliyev hansı mövqedən çıxış edib? - GƏLİŞMƏ

Siyasət
13 Oca 2021
12:31
Moskva görüşünün gizlinləri: İlham Əliyev hansı mövqedən çıxış edib? - GƏLİŞMƏ
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskva görüşündən əvvəl tərəflər masaya yatıracaqları prioritet mövzularını ortaya qoymuşdular. Ermənistan Baş nazirinin portfelində əsasən iki məsələ vardı: Dağlıq Qarabağın statusu və erməni terrorçularının azadlığa buraxılması. Paşinyan onun Moskvaya getməsini istəməyən tənqidçilərinə verdiyi məşhur cavabında deyirdi: ““Əsir”lərin azad olunması üçün mən hətta şeytanla da görüşə bilərəm”.

Erməni baş naziri Naxçıvan-Mehri dəhlizinin açılması üçün irəli sürdüyü bir başqa şərti isə Dağlıq Qarabağın statusu ilə bağlı idi: “Status müəyyən olunmadan kommunikasiyaların açılmasından danışmağa dəyməz”.

Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün apardığı Qarabağ döyüşlərini yekun nəticəsinə çatmadan hərbi müdaxilə ilə dayandıran Rusiya isə bir neçə öncəlik orta qoymuşdu. Başlıca öncəliklər “rus sülhməramlı” statusu, Dağlıq Qarabağa “humanitar yardım”ların daşınması, tarixi abidələrin qorunması, sərhədlərin demarkasiyası məsələri idi. Göründüyü kimi, bütün bu prioritetlərin hamısı rus “sülhməramlı”larının fəaliyyət sahəsinə aiddir. Deməli Rusiyanın əsas öncəliyi “sülhməramlı”ların statusu idi.

Azərbaycanın əsas öncəliyi öncəliyi isə ərazi bütövlüyünü təmin etmək, Dağlıq Qarabağda suverenliyinin bərpası idi. Bunun üçün də erməni hərbi birləşmələri Dağlıq Qarabağdan çıxmalı, Ermənistandan bölgəyə gedən rəsmi şəxslərin səfərləri dayandırılmalı, Xankəndi və digər rayonlar Azərbaycanın tam nəzarətinə keçməlidir və s.

Bu qədər çox məsələlərin müzakirə olunduğu Moskva görüşündən yalnız bir qərar çıxdı: Azərbaycan və Ermənistan arasındakı kommunikasiya xətlərinin açılması. Görünən budur ki, liderlər yalnız bir tərəfin maraqlarına xidmət edən məsələlərdə ortaq məxrəcə gələ bilməmiş, yalnız regional inteqrasiyanı məhkəmləndirən ümumi maraqlarda ümumi razılıq əldə etmişlər.

Bizi maraqlandıran ən vacib sual isə budur: Azərbaycan prezidenti İlham Əliyev Moskva görüşündə hansı mövqeyi sərgiləmiş, xüsusilə erməni tərəfinin şərtlərini hansı arqumentlərlə geri çevirmişdir?

Moskva görüşünün detalları konfidensial saxlanıldığından müxaliflərin bütün hücumlarına baxmayaraq, rəsmi Bakı bu suala aydınlıq gətirmək istəmir. Amma Rusiya nəşrlərinin üçtərəfli görüş barədə açıqladığı məlumatlar rəsmi Bakının danışıqlar zamanı əldə rəhbər tutduğu bəzi arqumentlərə işıq tutur.

Ovqat.com-un məlumatına görə, Valday beynəlxalq müzakirə klubunun mütəxəssisi Fərhad Məmmədov “Kommersant” qəzetinə verdiyi açıqlamada bildirib ki, Ermənistanın qaldırdığı heç bir məsələ rəsmi Bakı üçün müzakirə predmetinə çevriləcək mahiyyətdə olmayıb.

Əvvəla, Paşinyanın hərbi əsir kimi azadlığını tələb etdiyi 62 erməni, əsir yox, terrorçu olduğundan onların 9-10 noyabr tarixli Bəyanata əsasən azadlığa buraxılmasından söhbət gedə bilməz.

“Münaqişə zamanı və öncəsi tutulan insanlar artıq ekstradisiya edilib. İndi isə Ermənistan dekabr ayında Hadrut yaxınlığında Azərbaycan ordusunun tərksilah etdiyi 62 nəfəri geri qaytarmaq istəyir. Həmin adamlar atəşkəs bəyannaməsi imzalandıqdan sonra, noyabr ayının axırlarında Ermənistanın Şirak bölgəsindən maşınlarına oturub Dağlıq Qarabağa gəliblər və beş Azərbaycan vətəndaşını öldürüblər. Buna görə də onlar təxribatçı kimi qəbul edilirlər, hərbi əsir kimi yox",-Məmmədov belə deyib.

Paşinyanın digər öncəliyi olan Dağlıq Qarabağın statusuna və ya orada yaşayan ermənilərin taleyinə gəlincə, Fərhad Məmmədova görə, Bakının mövqeyi bu məsələdə daha qətidir. “Azərbaycan Ermənistanla müstəsna dövlətlərarası məsələləri müzakirə edə bilər. Dağlıq Qarabağ münaqişəsi isə artıq bitib və Qarabağ ermənilərinin gələcəyi İrəvanla deyil, yalnız beynəlxalq təşkilatlarla və digər vasitəçilərlə müzakirə oluna bilər”.

Başqa sözlə, Dağlıq Qarabağın statusu və bu bölgədə yaşayan ermənilərin taleyi Ermənistanla müzakirə ediləcək “müstəsna dövlətlərarası məsələlərə” daxil deyil.

O ki qaldı Rusiyanın prioritetlərinə, bu məsələyə də Carnegie Europe mərkəzinin baş tədqiqatçısı və Dağlıq Qarabağ münaqişəsi tarixinə dair fundamental kitablardan sayılan "Qara bağ"ın müəllifi Tomas de Val (Thomas de Waal) qismən aydınlıq gətirib. Moskva danışıqlarında "ən maraqlı" məsələlərin "qapalı qaldığını", iqtisadi gündəmin ön plana çıxdığını düşünən tədqiqatçı deyib: “Paşinyan, şübhəsiz ki, məhkumlar və itkin düşənlər barəsində razılığa gəlmək istədi, lakin Əliyev hələ ki, bununla heç maraqlanmır da. Əliyev, böyük ehtimalla, sülhməramlı missiyanın işindən narazıdır, lakin Putin bu məsələdə güzəştə getməyə hazır deyil. Nə qalır? Avtomobil və dəmir yollarının bərpasında səmimi və ortaq maraqlar”.

Valın fikrincə, bu plan uzunmüddətlidir, onu həyata keçirmək üçün yalnız infrastruktur deyil, həm də hazırda mövcud olmayan baza səviyyəsində siyasi iradə və sazişlər” lazımdır.

Carnegie Europe mərkəzinin baş tədqiqatçısının qısa şəkildə ifadə etdiyi bu fikirlərin altında gizlənən böyük həqiqət ondan ibarətdir ki, Azərbaycan prezidenti İlham Əliyev rus “sülhməramlı”larının Dağlıq Qarabağdakı fəaliyyətindən razı deyil. Həqiqətən də ölkə başçısı bu narazılığını üstüörtülü şəkildə və diplomatik nəzakət çərçivəsində dəfələrlə dilə gətirib. Onun 6 noyabr müşavirəsində səsləndirdiyi aşağıdakı fikirlər də rus “sülhməramlı”larının fəaliyyətinə münasibətini əks etdirir: “Sülhməramlı qüvvələr. Onların orada funksiyası var. Noyabrın 10-da bu funksiya təsbit edildi. Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış Bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq”.

Moksva görüşünün protokolu hesab etdiyimiz Bəyanatda rus “sülhməramlı”larının statusunun təsbit olunmaması, zənnimizcə, İlham Əliyevin bu mövqeyinin nəticəsidir. Statusu müəyyənləşməyən “sülhməramlı” qoşun isə işğal ordusundan başqa bir şey deyil. Bu isə yaxın gələcəkdə Azərbaycana Dağlıq Qarabağın rus işğalına məruz qaldığı iddiası ilə beynəlxalq aləm qarşısında məsələ qaldırmasına hüquqi əsas yarada bilər.

Təsadüfi deyil ki, Moskva görüşündən əvvəl Azərbaycan Müdafiə Nazirliyi guya Türkiyə ordusunu nəzərdə tutaraq, ölkəmizin Qoşulmayanlar Hərəkatına üzv olduğunu xatırlatmış və açıq şəkildə Azərbaycanda başqa dövlətin Silahlı Qüvvələrinin hərbi baza yarada bilməyəcəyini vurğulamışdı. Zənnimizcə, Müdafiə Nazirliyinin bu mesajı əslində gəlinə çatdırmaq istədiyi sözü qızına deyən Azərbaycan mentalitetinin bir göstəricisidir. Nədən ki, 44 günlük müharibə Azərbaycan və Türkiyə ordularının bir-birinə nə qədər sıx bağlı olduqlarını sübut etdi. Məlum oldu ki, yeri gələndə Türkiyə ordusu Azərbaycan üçün yad hərbi qüvvə deyil.

Moskva görüşünü nəticələrindən görünən budur ki, xalqa açıq məkanlarda nəzakət qaydalarını gözləyən rəsmi Bakı diplomatik danışıqlarda açıq mövqe ortaya qoymaqdan çəkinmir. Sözsüz ki, Azərbaycan hakimiyyəti ortaya konkret iradə qoyarkən öz güclü tərəfdaşlarına güvənir. Azərbaycanın güclü müttəfiqləri son Qarabağ döyüşlərində məlum oldu: hərbi qüvvə sahəsində Türkiyə, Pakistan, İsrail, siyasi sahədə həm də İngiltərə. 11 Yanvar görüşünün rəsmi protokolu sayılan məlum Bəyanat bu baxımdan rəsmi Bakının Türkiyənin razı olmadığı məsələlərdə Moskvaya güzəştə getdiyini irəli sürən çevrələrə verilmiş ən tutarlı cavabdır.

Moskva görüşündə yalnız kommunikasiya məsələsinin müzakirə edilməsi də Azərbaycanın müzakirələrdə Türkiyə ilə bərabər hərəkət etdiyinin dəlillərindəndir. Zira bu dəhliz regionun digər dövlətlərindən daha çox, Orta Asiyaya açılmaq istəyən Türkiyənin maraqlarına cavab verir.

Heydər Oğuz,
Ovqat.com