Bu dəqiqələrdə Milli Məclisin Hüquq siyasəti və dövlət qurucluğu və Səhiyyə komitələrinin koronavirusla (Covid-19) bağlı birgə iclası keçirilir. İclasda koronavirus infeksiyası ilə mübarizə, yayılmasının qarşısının alınması ilə bağlı ölkədəki mövcud vəziyyət və görülmüş işlər dinlənilir, qanunvericilik tədbirləri müzakirə olunur. İclasda TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı görülən işlər barədə məlumat verib. O bildirib ki, koronavirsla bağlı ölkədə bütün ehtiyat tədbirləri görülüb.
İclasda koronovirus epidemiyası ilə mübarizə aparmaq üçün İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə zəruri dəyişikliklərin edilməsi müzakirəyə çıxarılıb. “Qafqazinfo” xəbər verir ki, bu dəyişikliklərə əsasən epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək.
Yaxud işlərin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunur. Hüquqi şəxslər 2 min manatdan 5 min manatadək cərimə ediləcək. Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Dəyişiklilərin sabahkı plenar iclasda müzakirəyə təqdim olunacağı və qəbul ediləcəyi bildirilir.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə üzrə bir sıra sosial izolyasiya tədbirlərinə dair qərarlar qəbul etsə də orada nəzərdə tutulan qadağaların pozulmasına görə cəza mexanizmi mövcud deyildi.