Məlum olduğu kimi, son-6-cı çağırış parlament seçkilərində 5-ci çağırış Milli Məclisin (MM) 3 komitə və 1 komissiya sədri iştirak etməyib.
Seçkilərə qatılmayan millət vəkilləri-komitə sədrləri bunlardır: MM-in İnsan hüquqları komitəsinin rəhbəri Bahar Muradova, MM-in Təbii ehtiyatlar, ekologiya və energetika komitəsinin sədri Valeh Ələsgərov, MM-in Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə və parlamentin İntizam komissiyasının sədri Ağacan Abiyev.
Eyni zamanda, adları çəkilən şəxslərdən ikisi-B. Muradova ilə V. Ələsgərov həm də 2005-ci ildən, 3-cü çağırışdan 2020-ci ilin 9 fevral seçkilərinə və Konstitusiya Məhkəməsinin (MM) 5 mart qərarına qədər-15 il ərzində MM sədrinin müavini vəzifəsini icra ediblər.
B. Muradova YAP-ın təmsilçisi olaraq, V. Ələsgərov müstəqillərin təmsilçisi kimi.
Həmçinin, digər iki şəxs-MM-in Regional məsələlər komitəsinin sədri A. Rəhimzadə və İntizam komissiyasının sədri A. Abiyev YAP-ın deputat korpusunun nümayəndələri olublar.
A. Rəhimzadə həmçinin, YAP Siyasi Şurası və İdarə Heyətinin, A. Abiyev isə hakim partiyanın Siyasi Şurasının üzvüdür.
Bununla yanaşı, seçkilərdə növbəti dəfə iştirak etsə də, amma qatıldığı 74 saylı Seçki Dairəsinin nəticələri ləğv olunduğu üçün professor, YAP Siyasi Şurasının üzvü Hadi Rəcəbli həm millət vəkili, həm də komitə sədri kimi kənarda qalıb.
Qeyd edək ki, H. Rəcəbli millət vəkili olduğu 25 il ərzində, 1995-2020-ci illərdə MM-in Əmək və sosial siyasət (Sosial siyasət daimi komissiyasının) sədri vəzifəsini icra edib.
Onu da qeyd edək ki, sözügedən komitə sədrlərindən 3-ü-H. Rəcəbli, B. Muradova və A. Rəhimzadə MM-in daha fəal və daha aktiv komitə sədrlərindən olub.
Onlar həmçinin, mediaya açıqlığı ilə seçilib və fərqləniblər.
Ən çox qanun layihəsi hazırlayan və daha çox qanun layihəsi təqdim edən isə H. Rəcəblinin komitəsi olub.
H. Rəcəblinin rəhbərlik etdiyi komitənin hazırladığı və illər öncə MM-in tərəfindən qəbul edilən “Duzun yodlaşdırılması haqqında” qanun dünyanın model qanunları sırasında yer alıb
Bu yerdə qeyd edək ki, 6-cı çağırış MM-in ilk iclasının- 2020-ci ilin yaz sessiyasının başlanmasına çox az-sayılı günlər qalır.
Bəzi məlumatlara görə, martın 10-da, bəzi məlumatlara görə isə ən geci martın 12-də 6 çağırış MM-in ilk iclas keçiriləcək və bu iclasda daha təşkilati məsələlərə baxılacaq.
Bəs görəsən, yuxarıda adları qeyd edilən komitələrin rəhbərləri-sədrləri kimlər olacaq, kimlər seçiləcək?
Hələlik MM-in Regional məsələlər və Təbii ehtiyatlar, ekologiya və energetika komitələrinin ehtimal olunan rəhbərliyi haqda məlumatlarımızı izləyicilərlə bölüşəcəyik.
Xatırladaq ki, indiyə, daha doğrusu, 6-cı çağırışa kimi, Regional məsələlər komitəsində 9 millət vəkili təmsil olunurdu: A.Rəhimzadə, Fəttah Heydərov, Tahir Rzayev, Kamran Bayramov, Fəzail İbrahimli, Azər Badamov, Cavid Osmanov, Malik Həsənov və Rüstəm Xəlilov.
Həmin şəxslərdən də qeyd edildiyi kimi, A. Rəhimzadə seçkilərə qatılmamış, eyni zamanda, R. Xəlilov seçkilərə bir az qalmış Hacıqabul rayonuna icra başçısı təyin edildiyi üçün həm mandatı ilə vidalaşmış, həm də növbəti seçkilərdə iştirak etməmişdi.
Komitə üzvlərindən 5-i YAP-ın, 1-i müstəqillərin, 1-i isə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) deputatlığa namizədi kimi seçkilərə qatılıb və növbəti dəfə mandat əldə ediblər.
F. Heydərov 6-cı, T. Rzayevlə F. İbrahimli 5-ci, A. Badamov 3-cü, M. Həsənov 4-cü, K. Bayramovla C. Osmanov isə 2-ci deputat mandatı əldə ediblər.
Saytımıza MM-dəki mənbələrdən daxil olan məlumatlara görə, Regional məsələlər komitəsinin sədri vəzifəsinə daha çox K.Bayramov şanslı görünür.
2007-ci ildən Prezident Administrasiyasında (PA) müxtəlif vəzifələrdə çalışan Bayramov 2013-cü ildən 2015-ci iləcən, deputat seçilənəcən Administrasiyanın Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri vəzifəsini icra edib.
Bu səbəbdən də, daha çox onun komitə sədri vəzifəsini tutmağa şanslı olduğu bildirilir.
Bununla yanaşı, komitə üzvləri arasında yenilərin, o cümlədən, ilk dəfə seçilənlərdən bir neçəsinin olacağı gözlənilir.
MM-in Ekologiya, ekologiya və energetika komitəsini isə ən “şanşsız” və “bəxti gətirməyən” komitə saymaq olar.
Belə ki, həmin komitənin 6 üzvündən 5-i növbəti dəfə seçkilərdən kənarda qalıb.
Bunlar V. Ələsgərov, Mirkazım Kazımov, Rövnəq Abdullayev, Mirzəcan Xəlilov və Kamran Nəbizadədir.
Komitə üzvlərindən yalınız “Rus İcması”nın sədri Mixail Zabelin seçkilərə qatılıb və 7-ci dəfə deputat mandatı əldə edib.
Bu baxlmdan, 6-cı çağırşın ilk iclasında adıçəkilən komitənin tamamilə yenidən və yeni üzvlər hesabına formalaşdırılacağı gözlənilir.
Komitə sədrinin kim olacağı ilə bağlı hələlik dəqiq məlumat, konkret ad yoxdur.
Amma yeni sədrin yeni-ilk dəfə seçilən millət vəkillərindən biri olacağı söylənilir…
Digər komitələrlə bağlı məlumatları isə növbəti yazılarımızda izləyicilərin diqqətinə çatdıracağıq.