Pasientlər üzərində aparılan müəyyən əməliyyatlar üçün yaş kateqoriyası olur. Bu əməliyyatlardan biri də ürək problemləri ilə bağlıdır. Ürək qüsurları bir sıra uşaqlarda da müşahidə olunur. Valideynlərin əksəriyyəti də əməliyyat üçün övladlarının böyüməsini gözləyirlər.
Bəs uşaqları ürək əməliyyatı etdirmək olarmı?
Mövzu ilə bağlı Sfera.az-a danışan kardioloq Samirə Hacıyeva bildirib ki, pasientlərə xəstəliyin növünə və ağırlıq dərəcəsinə görə müdaxilə olunur.
“Uşaqlarda magistral damarın transpozisiyası xəstəliyi ilk 14 gün içərisində əməliyyat olunmalıdır. Bu xəstəlik anadangəlmə ürək patalogiyası olub, əsas damarların yerdəyişməsidir. Əməliyyat 14 gün ərzində olmazsa, uşaq ölə bilər. Xəstəyə fərdi yanaşılmalıdır. Uşaqlar böyüdükcə onlarda olan ürək problemləri daha da çoxalır. Buna görə də vaxtında müdaxilə etməyin böyük əhəmiyyəti var. Valideynlər yeni doğulmuş övladlarını dərhal əməliyyat etdirmək istəmir. Lakin xəstəlik onu tələb edirsə, dərhal əməliyyata götürülür. Bəzi xəstəliklər var ki, onlara sadəcə yaşamaq üçün müdaxilə edilir. Yəni xəstəliyin fəsadları pasientdə həyatı boyunca davam edə bilir. Tək mədəcik cərrahi əməliyyatı keçirən uşaq daima nəzarətdə saxlanılmalıdır”.
Həkim qeyd edib ki, anada və atada ürək qüsuru varsa, bu xəstəlik uşaqlarda da ola bilər.
“Məhz bu baxımdan hamiləliyin 4-cü ayından sonra uşaq kardioloqu dölü yoxlamalıdır. Döldə ürək probleminin olub-olmadığını müəyyənləşdirmək lazımdır”.
Axın.az