“İİV xəstəliyinin Azərbaycanda risk qruplarına aid şəxslər arasında yayılmasının lokallaşdırılmasına nail olunub”.
Bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov media nümayəndələrinə deyib.
O bildirib ki, Azərbaycan İİV-yə ən az yoluxan ölkələr sırasındadır:
“Ölkədə vəziyyət nəzarət altındadır. Epidemik sıçrayışlar mövcud deyil. Son 10 ayda İİV-yə yoluxan 695 nəfər aşkar edilib. Onların 680 nəfəri Azərbaycan vətəndaşı olub. Bunun da 68%-i kişi, 32%-i isə qadın olub”.
Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a deyib ki, İİV insanın immunçatışmazlığı virusudur, QİÇS isə qazanılmış immun çatışmazlığı sindromudur:
“İİV-lə yoluxmaq hələ QİÇS xəstəliyinə tutulmaq deyildir. Kişilərdə qadınlara nisbətən 15-20 dəfə çox QİÇS xəstəliyinə rast gəlinir. İİV infeksiyasının kişidən qadına ötürülmə təhlükəsi qadından kişiyə ötürülmə təhlükəsindən 4 dəfə çoxdur. Qanköçürmə yolu ilə, İİV-ə yoluxmuş şəxsin qanı ilə təmasda olmuş kəsici alətlərin istifadəsi zamanı (manikür, tatuaj, qulaq deşmə, üz qırxma və s.) da İİV-ə yoluxma mümkündür. Yaxşı olar ki, təsadüfi qorunmamış cinsi əlaqələrdən imtina etmək vacibdir. Sterilizə edilməmiş iynə, şpris, ülgüc, bıçaq və başqa alətlərin istifadəsindən imtina etmək gərəkdir”.
Axın.az