Aqşin Yenisey yazır...
Zəmanəsinin məşhur şair və yazıçıları ilə “aşk” macəraları yaşamağı ilə məşhur olan, bizim rus şairi Yeseninin sevgilisi, həm də onun ölüm mələyi kimi tanıdığımız rəqqasə İsadora Dunkanla Nobel mükafatçısı yazıçı Anatol Frans arasında deyilənə görə, belə bir söhbət olub. Rəqqasə Dunkan yazıçı ilə keçirdiyi gecələrin birində siqaretinin tüstüsünü onun üzünə üfürərək şəstlə deyir: “Anatolik, mənim gözəlliyimlə sənin zəkanı özündə birləşdirən bir uşaq necə də möhtəşəm olardı, deyilmi?” Anatol da söz altında qalan oğlan deyildi, o, öləndə bütün fransız ədəbiyatı göz yaşı tökürdü.
Rəqqasənin bu sözlərlə öz gözəlliyi ilə qürur duyduğunu, yazıçının isə sir-sifətdən bu gözəlliyə layiq olmadığına işarə etdiyini göydə tutan Anatol avtobaza müdirinə oxşayan sifətini turşutmadan cavab verir: “Birdən o uşaq gözəlliyini məndən, zəkasını səndən alsa, necə?” Söhbət bağlanır. Rəqqasə pərtliyinin acığını soyutmaq üçün elə o gecə qərara gəlir ki, Fransı Yeseninlə dəyişsin.
Bunu nə üçün yazdım, deyim; adətən, iki bacarıq, iki istedad, iki qabiliyyət çox nadir halda bir insanda üzə çıxır. Çox vaxt bir əl bacarığı, məsələn, içki düşkünlüyü ilə birləşir, bir istedad, allah göstərməsin, arvad düşkünlüyü ilə qolboyun olur, yaxud zahiri bir gözəllik öz altında vurğunu olduğu quşbeyinliyi gizləyir və s.
Yəqin, siz də müşahidə etmisiniz; bizdə istedadı olan adamların ictimai şüur problemi var, ictimai şüuru olanların istedad problemi. Bu iki üstünlüyü, yəni gözəllik və zəkanı bir bədəndə cəmləyə, yola gətirə bilən çox az insanımız var. Bu cür adamlarımız keçən əsrin əvvəllərində daha çox idilər, ruslar hamısını öldürdü.
Bu cür individual yarımçıqlıq cəmiyyət olaraq genetik qüsurumuza çevrilib, az qala. Aydın dediyin, ziyalı dediyin bu iki özəlliyi özündə birləşdirə bilən adamdır. Yəni istedadlı bir şairin, rəssamın, bəstəkarın ictimai şüur sarıdan bəxti gətirməyibsə və ya o, özü ya zəlzələdən, ya vəlvələdən bundan imtina edibsə, o, ziyalı deyil, aydın deyil, sadəcə, şairdir, rəssamdır, bəstəkardır. Yaxud başqa biri bütün günü toy toğlusu kimi ictimai proseslərin tamadalığı ilə məşğuldursa, amma yaradıcılıq deyə bir anlayışdan xəbəri yoxdursa, o da aydın, ziyalı deyil, vur-tut ictimai xadimdir. Yaradıcı şüurla ictimai şüur arasında körpü qura bilməməyimiz bizi cəmiyyət olaraq geridə saxlayır. Çünki insanımızın parabeyinliyi üzə çıxır, onda ya sağ beyin çalışır, ya sol beyin. Bu iki beyin yarımkürələri onun başının içində, sanki bir-birindən küsmüş vəziyətdədir. Gözəllik və zəka yolagetməzliyi onun başının içində gedən prosesdir.
Cəmiyyətimizdə də yaradıcı olanla ictimai olan arasında dostluq yox, düşmənçilik mühiti var. Məsələn, mənim “Avrasiyada millətçi olmayan dövlət yoxdur” sözümü oxuyan ictimai xadimliyə can atan dostumdan eşitdiyim söz bu olur: “Get, şerini yaz, bu işlər sənə görə deyil”. Mən də bu ictimai dostumu yaradıcılıqla, məsələn, statuslarında öz beyni ilə fəlsəfi, bədii bir cümlə qurmaq istəyən yerdə görəndə onu iki şələ otun arasında qalıb “birinci hansını yeyim” - deyərək acından ölən Buridan eşşəyinə bənzədib hahahalayıram.
Bu, doğru münasibət deyil. Bu, cəmiyyəti şikəst edən, tarixi bizdən uzaqlaşdıran bir münasibətdir. Bu gün hamının qaçmaq istədiyi, qaça bilməyənlərin qaçmağa yollar axtardığı, yol da tapa bilməyənlərin acığından pislədiyi Avropanı özündə həm yaradıcı, həm ictimai şüuru birləşdirən şəxslər qurublar. Didro, Gete, Flober, Hüqo, Bekket və s. bu adamlar həm yaradıcı idilər, həm ictimai.
Onlar yaradıcı tərəfləri ilə ictimai olanın, ictimai tərəfləri ilə yaradıcı olanın üfüqlərini genişləndirirdilər. Və bu geniş üfüqlərin əhatəsində Avropa insanı yetişirdi. Bizdə Füzulidənqalma bir xəstəlik var; öz insanımızı daha çox öz “parnikimizdə” böyütməyi sevirik. İctimai-siyasi xadim qorxur ki, prosesə şair, yaxud rəssam qoşulsa, onun insanı daha geniş mühitin varlığından xəbər tutacaq və məhsulu batacaq. Şair və rəssam da istəyir ki, onun yaradıcılıq mühitinə, “parnikinə” ictimai-siyasi fikirlər girməsinlər, məhsulunun çürüyəcəyindən qorxur.
Ona görə də cəmiyyətimizdə müzakirə mühiti yoxdur. Erməni Şuşada yallı oynayır – laqqırtı! Deputatlığa namizəd seçicini öpür – laqqırtı! Milli futbol komandamız bütün oyunları uduzur – laqqırtı! Azərbaycan “Eurovision”da yer tutur – laqqırtı! İctimai yumor xalqın istedadından xəbər verir o halda ki, xalq bu yumorla onun altındakı faciənin, tragediyanın fərqində olsun.
Gərək ki, Qoqol deyirdi, yumorla yazılmış hekayələri diqqətlə oxuyanda get-gedə onun içindəki kədəri hiss etməyə başlayırsan. Yəni əsl yumor dərdin, problemin əyninə müvəqqəti geyindirilmiş libasdır. Xəstəyə, yaxud dəliyə müalicə vaxtı geyindirilən gülməli xəstə paltarı kimi bir şey. Amma bir gün bu xəstənin, dəlinin gülməli libasını soyundurub onu müalicə etmək lazımdır. Müzakirə mühiti bu müalicə prosesi üçün vacib şərtdir. İstər böyük tarix, istərsə böyük əsər Komediya ilə Tragediyanın qarşı-qarşıya, üz-üzə qaldığı an yaranır. Başqa vaxt onlar ya laqqırtıdır, ya da ağlaşma!
Müzakirə mühiti özünə və cəmiyyətinə qarşı səmimi olan insanların meydanıdır. Səmimilik gözəllik və zəkanın dostluğundan yaranır. Düşünürəm ki, bizdə bu mühitin olmamasının birinci səbəbi müstəmləkə şüurumuzun hələ də diriliyidirsə, ki bizim milli qorxularımızdan biridir, ikinci səbəb birincidən törəyən səmimi sifətimizin olmamasıdır. Sosial şəbəkələr məndən ötrü toplumu analiz etmək üçün bir təcrübi laboratoriyadır. Fikir vermişəm, özünə qarşı azca səmimi olan insanımıza kütlə bambılı kimi baxır. Çünki onda özünü görmür, öz maskalarını görmür. Səmimi insan sifəti kütlənin gözünə yad üz kimi görünür və hərə o yad üzə bir daş atır. Yaradıcı adamlarımız belə ciddi, qaşqabaqlı geyimlərin, qızıl saatların, laklı ayaqqabıların arxasında, içində gizləniblər, kütlənin qorxusundan. Hətta mən ona cəsarətlə xalq deyəcəyəm!
Amma indi görün iki yüz il bundan əvvəl Avropa yazıçısı özünə və cəmiyyətinə qarşı necə səmimi olub. Yaradıcılığı ilə Avropanın qartımış əxlaqını silkələyib dağıdan, onu tabulardan, qadağalardan, gözəgörünməz qandallardan azad edən Floberi o vaxtkı Fransa hökuməti pul ayırıb Qüdsə göndərir ki, həm müqəddəs torpaqlardan reportaj hazırlasın, həm də tövbə edib dinə-imana gəlsin. Folber isə dövlətin pulunu Şərqdə ancaq fahişəxanalara xərcləyir. Bir gün ayılır ki, nə pul var, nə reportaj, nə də tövbə. Fikirləşir, cəhənnəm, heç olmasa, gedim Müqəddəs Qəbirdə tövbə edim, ağzıma gələni də evdə yazıb reportaj adı ilə sırıyaram mətbuata. Fransaya qayıdır, hamını inandırır ki, daha tövbə edib, bundan sonra içməyəcək, çəkməyək, arvadbazlıq etməyəcək, namuslu, ismətli Xalq yazıçısı olacaq.
Ay-hay... Elə ki yazı masasının arxasına keçir, qaz lələyini mürəkkəbə batırıb Müqəddəs Qəbir kilsəsinə ziyarətini belə təsvir edir (iki yüz il əvvəl): “Müqəddəs məbədin pilləkənlərini qalxanda birini əldən qoydum, dalım yenə də öz volterliyindən qalmadı”. Bu sözlər yazılıb XIX əsrin ortalarında. XXI əsrdə bizdə cəmiyyət bir yana, özünə qarşı bu qədər səmimi, azad ola bilən sənət adamları yox səviyyəsindədir. Çünki sovet sistemi bizi elə böyüdüb ki, kim xalqa, kütləyə yaltaqlana bilirsə, ziyalı odur, aydın odur. Ona görə Floberlər yetişmir cəmiyyətimizdə, Madam Bovarilərimiz də haqlı olaraq ərəblərə verirlər nömrələrini.
Səmimilik gözəllik və zəkanın dostluğundan yaranır… Sağ və sol beyinin həmrəyliyindən…