"İşsizlik müavinətində ciddi problem var" - Ekspert danışır

Müsahibə
23 Ara 2020
13:00
"İşsizlik müavinətində ciddi problem var" - Ekspert danışır
“Bizim məşğulluq və sığorta qanunvericiliyimiz yalnız əmək müqavilələrilə işləyənləri işsizlikdən sığortalayır. Nəzərə alın ki, bizdə iqtisadi fəal əhalinin hər üç nəfərindən yalnız biri əmək müqaviləsilə çalışır. Bu nə deməkdir? O deməkdir ki, iqtisadi fəal əhalinin 70 faizə qədəri istənilən böhran situasiyasında sosial risk altındadır. Bunun nəticəsidir ki, Beynəlxalq Əmək Təşkilatının hazırladığı qlobal sosial müdafiə hesabatına görə, Azərbaycan dünyada işsizlikdən sığorta ilə ən məhdud səviyyədə əhatə olunan ölkələr sırasındadır. Hesabata görə, bizdə potensial işsizlərin ən yaxşı halda 2-3 faizi işsizlik müavinəti ala bilir. Amma məsələn, inkişaf etmiş ölkələrdə həmin göstərici 60 faizdən aşağı deyil”.

Bunu iqtisadçı-ekspert Rövşən Ağayev “Şərq”ə açıqlamasında deyib. İqtisadçı-ekspert vurğulayıb ki, bizdə problem yalnız işsizliyin etibarlı ölçüm sisteminin olmamasından qaynaqlanmır və əsas problem hüquqidir:

“Qeyd etdiyim kimi, qanunvericilik yalnız əmək müqaviləsi əsasında çalışan əmək qabiliyyətli insanları sığortalayır. Belə ki, Vergi Məcəlləsinin 220.5 və 220.10-cu maddələrilə sadələşdirilmiş vergi ödəyiciləri olan bir sıra fəalliyyətlər həm gəlir əldəetmə, həm sosial risk səviyyəsinə, həm də fəaliyyətin xarakterinə görə muzdlu fəaliyyətə yaxındırlar. Və onların işsizlik sığortasından kənarda saxlanaması xeyli sayda əmək qabiliyyətli insanı iqtisadi böhranlar zamanı sosial cəhətdən müdafiəsiz saxlayır.

Onların sərbəst peşə sahibləri statusu alıb işsizlik sığortasına cəlbi vacibdir. Bura kimlər daxildir? Çəkməçi, pinəçi, fərdi foto və audio-video xidmətləri göstərənlər, saatsaz, televizor, soyuducu və digər məişət cihazlarını təmir edənlər, ev qulluqçuları, xəstələrə, qocalara və uşaqlara qulluq edənlər, dayə və fərdi sürücülər, bağban, aşbaz, gözətçi və ofisiantlar, dərzilər və s. Yaxud məşğulluq qanunvericiliyi torpaq payı olanları işsiz saymır və işsizlik sığortasının əhatəsinə daxil etmir.

Halbuki, 4 nəfərlik ailə üçün 1 hektar torpaq heç yaşayış minimumu səviyyəsində gəlir əldə etməyə imkan vermir. Torpağın sahəsinə fərq qoymadan bütün torpaq payı alan kənd əhalisini ucdantutma məşğul saymaq bir ayrı ciddi iqtisadi problemdir”.
21.01.2021
16:15
Masallıda ev yanıb