Klassik aktyor sənətinin görkəmli nümayəndəsi İsmayıl Osmanlı...

Mədəniyyət
11 Nis 2021
13:00


Azərbaycan teatr və kino sənətində şərəfli ömür sahibləri az olmayıb. Onlardan biri də obrazlarında tamamilə başqalaşaraq öz xarakterindən və iç dünyasından uzaq düşən, kinayəli gülüşündə, hərdən istehzalı, hərdən də müdrik baxışlarında düyünlənmiş fəlsəfi duyğular daşıyan, "Kələntər dayı" kimi daha çox yadda qalan xalq artisti İsmayıl Osmanlıdır. Realist aktyor məktəbinin tanınmış simalarından olan İsmayıl Osmanlı unudulmaz sənətkarlardandır. Onun bir sıra xarakterik cizgiləri var ki, onlardan ən əsası, digər həmkarlarından fərqli olaraq, epizodik rollarda özünü daha yaxşı ifadə etmək məharətidir. Obrazlarında özünü sevdirən İsmayıl Osmanlı bəzən də Kələntərə çevrilib ("Yeddi oğul istərəm") Cəlala güllə tuşlayanda tamaşaçının nifrətindən və yumşaq mənada, qınağından yayınmayıb. Bu isə sənətkarın birbaşa sənətinə məhəbbətindən irəli gəlir.

İsmayıl Osmanlının adı gələndə mütləq tamaşaçıların sifətinə gülüş qonur, müxtəlif obrazlar silsiləsi yada düşür.

Aktyorun ömür və sənət yollarına çıxmaqla onun keşməkeşli illər yola saldığını bir daha görə bilərik. İsmayıl Osmanlı 1902-ci il aprel ayının 24-də qədim Nuxada (indiki Şəki) kasıb bir ailədə dünyaya göz açıb. On bir yaşında olarkən atası Osmanı itirib və yetimliyin acısını dadıb. Məhz buna görə mükəmməl təhsil ala bilməyən İsmayıl Şəki İpək Fabrikində, dabbaqxanada... min bir əziyyətli işlərdə çalışıb. Təbiətən çox şux görünən və məşhur Şəki lətifələri söyləməyi xoşlayan İsmayıl özünü daim səhnədə, tamaşaçılar qarşısında təsəvvür edir və bununla o, keçirdiyi əzablı, məşəqqətli günlərin ağrı-acılarını sadəcə yüngülləşdirirdi.

Arzuları çox olsa da, can atdığı və çatmaq istədiyi yalnız səhnəyə çıxmaq idi. Odur ki, 1920-ci ildə o, Şəkidəki fəhlə-kəndli klubunda fəaliyyət göstərən, həvəskar aktyorları bir məram ətrafına toplayan dram dərnəyinə üzv yazılıb. İki ildən sonra Gəncəyə köçüblər və o, altı il buradakı həvəskarlar teatrında çalışıb. Təbii ki, o, burada aktyorluq sənətinin incəliklərinə müəyyən qədər bələd olub və tanınmağa başlayıb. 1928-ci ildə Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət alması da məhz tanınması ilə əlaqədar olub. Həvəskar aktyorun Tiflis həyatı çox çəkməyib. Bakıda fəaliyyət göstərən Milli Dram Teatrının truppasına qəbul olan İsmayıl Osmanlı ömrünün və fəaliyyətinin sonuna kimi bu qocaman və akademik sənət ocağında yorulmadan çalışıb.

Aktyorluq sənətinə məhəbbəti və sədaqətli xidməti onu qısa müddət ərzində tamaşaçılara sevdirir. Bir çox sənət fədailərindən fərqli olaraq, İsmayıl Osmanlının obrazlar qalereyası rəngarəngliyi ilə seçilir. O, faciə janrında xarakterik obrazları necə yaradıbsa, dramatik, yaxud komik və yumorlu surətləri də məhz o cür oynayıb: məhəbbət və "nifrət" ünvanına çevrilib. Yaratdığı obrazlar xarakterlərinə görə bir-birinə bənzəməsə də, onların zahiri görünüşlərində bir eynilik var: ipək yumşaqlığı, həlim, zəif, utancaq, imkansız, əlacsız, kimsəsiz - əli yerdən-göydən üzülən və s. Bu "yetimlər" sanki İsmayıl Osmanlının boyuna və xarakterinə biçilmişdir. Sonralar ustadın rolları təhlil olunarkən teatrşünaslar göstərdilər ki, onun yaratdığı obrazlar və belə deyək, tiplər geyimlərində müxtəlif olsalar da, xaraktercə bir eynilik daşıyırlar. Aktyorun sənətkarlığı bir anın içərisində onların "yazıqlıq" pərdəsinı açıb iç üzünü göstərir.

İsmayıl Osmanlı hərdən səhnənin Bəhlul Danəndəsi olur, Şəkidə öz baməzəliyi ilə ad çıxarmış məşhur "Hacı dayı"ya da çevrilır. O, obrazdan-obraza başqalaşmağı bacarır və buna görə də müxtəlif xarakterlər yaradırdı. İsmayıl Osmanlının müqtədir sənətkar kimi yaddaşlarda əbədi yaşayacağına əminlik gətirən əsaslar az deyil. Müdrik obrazlar silsiləsi yaradan İsmayıl Osmanlının obrazlar qalereyası o qədər zəngin idi ki, əslində, onun soyadı diqqət cəlb etmirdi. Belə demək mümkünsə, İsmayıl Osmanlı daha çox Kələntər dayı, yaxud Novruzəlisi ilə yadda qalırdı. Ona görə də o zaman çox az işlənən Osmanlı soyadı diqqəti cəlb etmirdi.

Aktyorun nəinki təkcə istehzası, zarafatı, məzəsi və yaxud rəhmi, onun "zəhmi" belə xəfif, incə, yumşaq təbəssümündə açıq-aşkar hiss olunurdu. Yaratdığı "Danabaş kəndinin əhvalatları"nın Novruzəlisi ilə "Yeddi oğul istərəm"in Kələntər dayısının baxışlarındakı üzüntülər eyni olsa da, onların daxili aləminin kəskin təzadları İsmayıl Osmanlının sənətkarlıq manerası ilə açılır.

"Maymaq" Novruzəli tamaşaçını nə qədər kövrəldirsə, Kələntər dayının şit-şit irişməsi o dərəcədə nifrət hissi oyadır.

Bu ölməz aktyorun mimikaları onun sənətkarlıq maskası idi. Bu maska arxasında təbəssüm də var idi, uf demədən gənc Cəlala tuşlanan güllənin tətiyini çəkən barmaq da.

Tənqidçilər və teatrşünaslar çox haqlı olaraq onun yaradıcılığının iki qütb arasında bölündüyünü qeyd edirlər: birində Kələntər dayı, Novruzəli, Şahbazov, Məşədi Oruc, digərində isə Fəzlullah Nəimi, Əbdül əmi, Kərim Rəhimli... kimi obrazlar dayanır. Yaddaşlı tamaşaçılar unutmayıblar ki, İsmayıl Osmanlı Keçəl Aslan, Fon Hols, Saliko, Şeyx Hadi, Əmrah, Munis, Əliş, Məşədi Cəfər, Mirzə Qərənfil, Xəlil, Qasım, Xaspolad, Mirzə Cavad, Koxa Məmməd, Kələntər dayı, Cəbi kimi obrazları yaratmaq üçün S.Vurğunun "Xanlar", "İnsan", "Vaqif", Ə.Haqverdiyevin "Pəri cadu", H.Cavidin "Şeyx Sənan", "Səyavuş", "Knyaz", C.Məmmədquluzadənin "Ölülər" və digər əsərlərinə müraciət edib. Təbii ki, ölməz sənətkarın oynadığı rollar, yaxud müraciət etdiyi əsərlər yalnız adlarını çəkdiyimiz deyil.

Xüsusən ekran əsərlərində özünü daha çox sınayan xalq artisti İsmayıl Osmanlı "Azərbaycanfilm"in istehsalı olan "Bir məhəlləli iki oğlan", "Kəndlilər", "O olmasın, bu olsun", "Yenilməz batalyon", "Ulduzlar sönmür", "Tütək səsi", "26-lar", "Mən ki gözəl deyildim" və digər filmlərdə yaratdığı yaddaqalan obrazlar müəllifi kimi də tanınır.

İsmayıl Osmanlının işıqlı ömür yolu sonrakı aktyorlar nəsli üçün örnəyə çevrildi. O, təkcə sevimli tamaşaçılarının məhəbbətini qazanmadı. Teatr və kino sahəsində göstərdiyi xidmətə görə dövlət tərəfindən yüksək qiymətləndirilən sənətkarlardan biri kimi tanındı. O, 1940-cı ildə respublikanın əməkdar, 1949-cu ildə xalq artisti adına ayiq görüldü. 1974-cü ildən isə keçmiş SSRİ-nin xalq artisti fəxri adını daşıyan İsmayıl Osmanlı 22 iyun 1978-ci il tarixdə vəfat edib, məzarı Fəxri xiyabandadır.

Bu da bir aktyorun obrazlarından boylanan nurani çöhrəli, xəfif təbəssümlü, müdriklikdə əsl baba kimi yaddaşlara yazılan Kələntər dayının utancaq çöhrəsində gizlətdiyi mürəkkəb, bir-birini təsdiq və inkar edən xarakterlər. Yaşadığı və yaratdığı, bir-birindən fərqli obrazlar sanki onun boyuna, səsinə və görkəminə biçilmişdi...
11.05.2021
20:00
"Real" Mendini itirdi