Yaxşı caz musiqiçisi sessiya (konsert) vaxtı yerindən qalxaraq səhnəni tərk etməyi, siqaret çəkib qayıtmağı və təkrarən takta düşməyi bacarmalıdır. Cazı ilhamsız çalmaq mümkün deyil, daxili azadlığı olmayan, həyatı improvizasiyaya bənzəməyən insan caz yarada bilməz. O, mütləq "azacaq". Bir neçə il əvvəl gözəl bəstəkar və caz pianoçu Rafiq Babayevin qızı Fərizə və musiqişünas Rauf Fərhadov "Rafiq Babayev: mövzudan improvizəyə" adlı çox maraqlı bir kitab yazıblar. Bu kitab yalnız musiqiçi haqqında yox, həm də onun yaşadığı zəmanəyə, Rafiq Babayev və Vaqif Mustafazadə kimi gözəl və azad insanların formalaşmasına təsir göstərən ənənələrə və yaşayış tərzinə həsr olunub. Kitab cazstilli həyatın gözəlliyi və sadəliyi, həmçinin caz musiqisinin özü haqqındadır. Yalnız Rafiq Babayev kimi azad insan, heç bir vokal keyfiyyətə malik olmadan Emin Sabitoğlunun "Əlvida"sını bu cür "pıçılda"ya bilərdi - indi biz həmin əsəri artıq klassika adlandırırıq. Bu, olduqca gerçəkçi bir ifadır, sanki Rafiq özü haqqında oxuyur. Və təəccüblü deyil ki, "Təhminə və Zaur" filminin pərəstişkarlarının çoxuna elə gəlir ki, bu mahnının Babayevin özü yazıb - sözlərini də, musiqisini də.
Rafiq Babayev Bəstəkarlar İttifaqının və Kinematoqrafçılar İttifaqının üzvü olub, 1969-cu ildən 20 il ərzində 25 sənədli və bədii, həmçinin cizgi filmlərinə musiqilər yazıb. Caz həvəskarları onun "Caz monoloqu" və "Düşüncələr"i ilə yaxşı tanışdılar. 1967-ci ildən o, "Bayatı-Kürd" caz kvartetinə rəhbərlik edib və bu qrupla elə həmin il Tallində keçirilən Beynəlxalq caz festivalının laureatı olub. 1984-cü ildə R.Babayev Azərbaycan Dövlət /Radio və Televiziyasının Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru təyin olunub. O, həyatının sonuna qədər gənc musiqiçilər hazırlayıb.
Cazdan olan adam
Rafiq Babayevdən danışarkən onun barəsində yazılmış kitabdan bir neçə sitat gətirməmək olmur, çünki bu sitatlar onun şəxsiyyətini və yaşadığı dövrü daha dərindən anladır.
"Bəzən Vaqifin və Rafiqin musiqisini dinləyəndə adamda belə bir qəribə fantaziya yaranır ki, Mustafazadə və Babayevin sayəsində caz ideyası ümumazərbaycan ideyası da ola bilərdi". Həqiqətən də, Azərbaycan cazının simasını yaratmış hər iki şəxs bizim üçün eyni dərəcədə önəmlidir. "İndiki dövrdə biz müxtəlif kəşflərin mənəvi aspekti haqda düşünmədən elmi və texnoloji nailiyyətlərdən istifadə etməyə öyrəşdiyimiz kimi, musiqini də onun əsl missiyası və dərin mənası haqda düşünmədən dinləməyə öyrəşirik". Bu gün bizim qaçaqaçda, metro və avtobusda, ən yaxşı halda isə kompüterin qarşısında əyləşib musiqini dinlədiyimizi nəzərə alsaq, sonuncu fikir çox aktual və yerində səslənib. "İndi vəziyyət belədir və ya, ola bilsin, dünya dəyişib - konsertdə həmin mahnıları oxuyanda səni çox vaxt dinləmirlər", - deyə bizimlə söhbətdə köhnə Bakı estrada mahnılarının ifaçısı Elxan Çələbiyev bildirir. Onun sözlərinə görə, çox vaxt insanlar konsertə həzz almaq üçün yox, özünü göstərmək, bu prosesin iştirakçısı olduğunu nümayiş etdirmək üçün gəlirlər: "O vaxtlar isə hər şey başqa cür idi".
Bu sözlər musiqişünas Rauf Fərhadovun dedikləri ilə də uzlaşır: "Festivalların artıq ənənəyə çevrilməsi, əlbəttə ki, sevindirici haldır. Kədərli olanı başqa şeydir - dinləməyi bacarmamaq. Çünki yaddaşlarda qalan uzunsaçlı gitaraçıları səhnədə görən kütlənin coşqusu və əsl musiqiçilərin ifasına olan etimadsızlıqdır. Zövq formalaşdırmaq lazımdır, çünki tamaşaçının cazı dərindən anlamaması, bəlkə də, bizim səhvimizdir".
Rafiq Babayev şəxsiyyəti bu gün elə əfsanəyə çevrilib ki, bəzən onun haqqında baş verməmiş, amma baş verə biləcək hadisələr uydururlar. Bir neçə il əvvəl bizi vaxtsız tərk etmiş şair və musiqişünas Rövşən Sənanoğlu xüsusi bir tədqiqat aparıb. "Caz dünyası" jurnalında dərc olunmuş çoxsaylı materiallar (o cümlədən Rafiq Babayevin 70 illiyinə həsr olunmuş) arasında o, belə bir maraqlı fakta rast gəlib: guya 1954-cü ildə musiqi məktəbində buraxılış imtahanı zamanı Rafiq böyük caz liriki Bill Evansın pyeslərindən birini ifa edib. Caz sahəsində ekspert olan Sənanoğlu bilirdi ki, 1954-cü ildə Bill Evansı hətta ABŞ-da - cazın vətənində belə heç kəs tanımırdı, həmin il musiqiçi doğma Çikaqodan Nyu-Yorka yenicə köçmüşdü və yalnız 2 ildən sonra yaradıcılığa başlamışdı. Bu faktı aşkar etdikdən sonra digər caz korifeyi, musiqiçi Salman Qəmbərov ona dedi ki, bu cür uydurma hadisələr əfsanəvi şəxsiyyətlərin vizit kartları sayılır və onların istəyindən asılı olmayaraq yayılır. Bu cür əfsanələr Arximed və onun vannası, Nyuton və alma - bir sözlə, tarixdə iz qoymuş çox insanlar haqda yayılıb.