Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılan Vaqif məqbərəsinin təmirinə başlanılıb.
Bu barədə Azərforum sosial şəbəkə istifadəçilərinin paylaşımlarına istinadən məlumat verir.
Belə ki, Vüsal Əliyev adlı facebook istifadəçisi ölməz şairin təmir edilməkdə olan məqbərəsinin yeni fotolarını paylaşaraq, belə bir qeyd yazıb:
“Atam Şuşada Molla Pənah Vaqifin məqbərəsinin bərpa olunmasında iş icraçısı kimi fəaliyyər göstərir. İnşAllah bizdə işğaqdan azad olunmuş ərazilərdə həyatın , iqtisadiyyatın bərpa olunmasında iştirak edərik.”
Axin.az həmin fotoları təqdim edir:
Məlumat üçün bildirək ki, Vaqif məqbərəsinin inşasına sovet dövründə başlanılmış, 1982-ci ildə tikinti başa çatdırılmış və abidənin açılışında o zaman AKP MK-nın sədri olan Heydər Əliyev də iştirak etmişdi. Türbə AMEA-nın həqiqi üzvü, sənətşünaslıq doktoru Ə.V.Salamzadə və əməkdar memar, memarlıq namizədi E.İ.Kanukovun layihəsi əsasında tikilmişdir.
Vaqif türbəsi Şuşanın cənub-qərb tərəfində, bayram şənlikləri və cıdır yarşları təşkil edilən məşhur Cıdır düzündə, şairin həlak olduğu və dəfn edildiyi qayalı təpədə ucalır.
Şuşa ermənilər tərəfindən işğal edildikdən sonra (1992-ci il) digər maddi-mədəniyyət abidələrimiz kimi Vaqifin məqbərəsi də vandallığın qurbanı olaraq dağıdılmışdı.
Mədəniyyət paytaxtımız işğaldan azad edildikdən sonra şəhərə səfər edən Prezident İlham Əliyev, Şuşada digər quruculuq-abadlıq işləri ilə yanaşı, Vaqifin məqbərə-muzeyinin bərpası ilə bağlı da göstəriş vermişdir. Bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir.