Qonşu dövlətlərlə müqayisədə Azərbaycanda kitaba maraq azdır.
Yazarlar hələ kitab satışından şikayətçidir. Xüsusi ilə gənc nəslin nümayəndəsi olan bu yazarlar öz kitablarını özləri satmağa başlayıblar.
Maraqlıdır, orta və yaşlı nəslin ədəbiyyat nümayəndələrinin buna münasibəti neçədir?
Məsələyə münasibət bildirən şair Qulu Ağsəs deyib ki, indiki vəziyyətdə müəlliflərin öz əsərlərini satması normaldır:
“Kitabını özü satan müəlliflərə çox normal baxıram. Çünki kitabın satışı ilə heç kim məşğul deyilsə, müəllif özü satmağa məcburdur. Özüm isə kitabımı satmamışam, bağışlamışam. Ya da vermişəm mağazaya satılıb. Amma satanlara da pis baxmıram və kim satırsa, sevə-sevə avtoqrafla alıram da”.
Yazıçı Aqil Abbas isə kitabını satan müəllifləri Məhəmməd Hadi ilə müqayisə edib:
“Kitabını özü satan müəlliflərə yaxşı baxıram. Burda nə var ki? Onlar Məhəmməd Hadidən böyük deyillər ki. Məhəmməd Hadi də zamanında öz əsərlərini özü satıb. Hazırda bir neçə gənc yazarlarımız kitablarını özləri satırlar. Xüsusi hörməti olan yazıçılar da kitablarını müəyyən adamlara göndərir, onlar da hədiyyə ilə qarşılıq verirlər və yazarın növbəti kitabının nəşrinə dəstək olurlar”.
Yazıçı Yunus Oğuz isə məsələyə 2 cümlə ilə münasibət bildirib.
“Arada deyirəm ki, Kəramət mənim də kitablarımı sat (gülür). O, kitablarını özü satır də”.