BİZ QAYIDACAĞIQ!

Manşet / Müsahibə
6 Oca 2020
12:26

"1905.az” Diskussiya klubunda Qəzənfər Hüseynov, Dağbəyi Məhyəddinov və İlham Quliyevlə Sumqayıt şəhəri Məcburi Köçkünlərin İcma Şurası barədə söhbət etdik.

 

 

Fuad Babayev: Dəvətimizi qəbul etdiyiniz üçün hər birinizə təşəkkür edirəm. Qurumun nə kimi məqsədləri var? Istərdim əvvəlcə bu sualı cavablandırasınız.

 

İlham Quliyev: Biz də sizə dəvətiniz üçün təşəkkür edirik. Qurumumuz Sumqayıt şəhəri Məcburi Köçkünlərin İcma Şurası adlanır. Qəzənfər Hüseynov, Dağbəyi Məhyəddinov və mən şurada əsas rol oynayan subyektlər hesab oluna bilərik. Qəzənfər müəllim sovet dövründə və sonrakı illərdə Laçında uzun müddət rəhbər vəzifələrdə çalışmış şəxslərdəndir. Ensiklopedik yaddaşa malik olan insanlarımızdandır. Laçın barədə məlumatların 90 faizinə hakimdir. İnsan resursları, mədəni irs və s. Bizim icmanın yaradılması barədə təklif Qəzənfər müəllim tərəfindən irəli sürülüb və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi də bu təklifi dəstəkləyib. Dağbəyi müəllim isə əslən Qubadlı rayonundandır və Qarabağ müharibəsində orada hərbi hissə rəhbəri olub. Bizim kəşfiyyatçı komandirlərdəndir, kəşfiyyat bölüyünə rəhbərlik edib. Mən isə şuranın iqtisadi, ideoloji sahədə işləri ilə məşğulam, Dağbəyi müəllim hərbi vətənpərvərliklə bağlı işləri öhdəsinə götürüb, ümumi rəhbərlik isə Qəzənfər müəllimdədir. İcmanın üzvləri çoxdur, lakin ilk vaxtlardan icmanın yaradılması təşəbbüsü ilə çıxış edən bizlərik.

 

Fuad Babayev: Buyurun, Qəzənfər müəllim, sizi dinləyək.

 

Qəzənfər Hüseynov: Laçın rayonunun işğalı ilə bağlı komitə sədri bizi müxtəlif vaxtlarda komitəyə dəvət edirdi. Az insanların əhatəsində çoxsaylı müzakirələr aparırdıq. Dərdimizi bölüşüb, problemlərimizi danışırdıq. Mən laçınlılar qarşısında belə bir tələb qoymuşdum ki, biz orda öz problemlərimizdən danışmamalıyıq. Biz ancaq bilmək istəyirdik ki, dövlətin, hökumətin bizimlə bağlı gələcək planları nədir? Hər dəfə mənə çıxış etmək üçün imkan yaradılırdı. Bəzən mən özüm də şahidi olurdum. Məcburi köçkünlər müəyyən tələblərlə çıxış edirlər, bu tələblər reallaşmayanda isə müxtəlif təzyiqlərə əl atırlar. Bu mənzərə məni çox təsirləndirirdi. Axı biz Qubadlıda, Laçında belə olmamışıq. Bizim insanlarımız nə üçün dəyişdi? Bu sualı komitə sədrinə də verdim. Niyə insanlar Laçındakı kimi deyil? Bu məsələ ilə bağlı fikirlərimi ifadə etdim, məndən soruşdular ki, bəs siz çıxış yolunu nədə görürsünüz? Bildirdim ki, biz hökmən birləşməliyik, bir cəmiyyət yaratmalıyıq. İnsanlara kim olduqlarını, hardan gəlib hara getdiklərini anlatmaq lazımdır. Daha sonra bu layihə barədə danışıqlar, müzakirələr aparıldı. İlham müəllimi də dəvət etdim. Həm ideoloji, həm iqtisadi tezislər hazırladıq. Bu addımlarımız yaxşı mənada təəccüb doğurdu.

 

Fuad Babayev: Ola bilsin ki, belə konseptual yanaşma gözləmirdilər.

 

Qəzənfər Hüseynov: Bəli. Hətta biz artıq tezisdəki məsələlərin bir neçəsini əhatə etmişik. Bizim bir çox məqsədlərimiz var. Məqsədlərimizdən biri insanları maarifləndirməkdir. Onlara tanımadıqları və ya az bir qisminin tanıdığı Qarabağın nəhəng şəxsiyyətləri barədə məlumatlandırmaq işimizin kiçik bir hissəsidir. Bununla yanaşı şəhid ailələrinə qayğı da bizim gündəliyimizi təşkil edən məsələlərdəndir. Bu işə Dağbəyi müəllim təşkilatçılıq edir. Biz xüsusilə heç kimin baş çəkmədiyi, unudulan, gözü yolda olan şəhid ailələrini axtarıb, onların qapısını döyürük. Bir müddət öncə 10-15 nəfərlə bir şəhid anasını da ziyarət etdik, hamımız o ananın əlindən öpdük. Ana bizə dedi ki, oğlunun həyatda olduğunu zənn etdi. Belə səfərlər bizim üçün çox vacibdir. Bunlarla yanaşı Sumqayıtda məcburi köçkün məktəblərində "Narkomaniyaya yox deyək” adlı bir kampaniya həyata keçiririk. Şəhər məktəbləri artıq bizdən nümunə götürməyə başlayıb. Bu məsələ ilə əlaqədar Bakı Dövlət Universitetinin hüquq fakültəsinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Aynurə Musayevaya müraciət etdik. Çox sağ olsun ki, bu işi öhdəsinə götürdü. Kampaniya üçün bülletenlər də hazırlanıb. Laçın rayon 5 nömrəli tam orta məktəbdə, Qubadlı rayon məktəbinin birində artıq baş tutub. Xüsusi sorğu blankları da nəzərdə tutulub. Uşaqlar bülleteni oxuduqdan sonra həmin o sorğunu cavablandırırlar və sonda biz onlara mükafat da verəcəyik.

 

Fuad Babayev: Mən bir sual vermək istəyirəm. Məsələn, siz Sumqayıtda yaşayan, məskunlaşan məcburi köçkünlərin problem zənbilinin yüngülləşdirilməsi istiqamətində ciddi addımlar atırsınız. Ümumiyyətlə, bu problemləri hansısa bir şəhər çərçivəsində həlli mümkündürmü?

 

Qəzənfər Hüseynov: Biz bu icmanı pilot lahiyə kimi ilkin olaraq Sumqayıtda yaratmışıq. Bizim ikinci bir layihəmiz isə Abşeronda olacaq.

 

Fuad Babayev: Bu təşkilatın analoqu varmı?

 

İlham Quliyev: Xeyr, ilk bizik.

 

Qəzənfər Hüseynov: Komitə tərəfindən bizə yer də ayrılıb.

 

Fuad Babayev: Və insanlar orada ictimai əsaslarla işləyirlər.

 

Qəzənfər Hüseynov: Bəli, ictimai əsaslarla və tam təmənnasız. Maddiyyatdan söhbət gedə bilməz. Biz əvvəlcədən bildirmişdik ki, bu icmaya heç kim maddiyyat üçün üz tutmasın. Hətta bir neçə nəfər sırf buna görə gəlməkdən imtina etdi. Biz bunu xalqımız, vətənimiz, millətimiz üçün edirik. Bu şura çərçivəsində görülən işlər heç bir mənfəət güdülmədən həyata keçirilir.

 

Fuad Babayev: Qəzənfər müəllim, bütün hallarda bu işləri reallaşdırmaq üçün maddi dəstək də lazımdır.

 

Qəzənfər Hüseynov: Bir sıra işlərdə komitə də bizə maddi dəstək olur. Oktyabr ayında 706 saylı hərbi hissənin yaranması ilə bağlı Füzuli rayonunun Şükürbəyli kəndinə getdik. Dağbəyi müəllim həmin hərbi hissədə tabor komandiri olub. Özümüzlə müxtəlif sovqatlar da apardıq. Onları isə komitə təşkil etmişdi.

 

Fuad Babayev: Dağbəyi müəllim, buyurun sizi dinləyək.

 

Dağbəyi Məhiyəddinov: Əvvəla, onu deyim ki, biz hamımız vətənpərvərik, hər birimiz üçün öncə Vətəndir. 1991-ci ildə Azərbaycan Silahlı Qüvvələri yaradılan vaxt 14 rayonda müdafiə taboru yaradıldı. Onlardan biri də Qubadlı rayonu idi və oranın komandiri mən idim. Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyev də mənim müavinim idi. 91-ci ildən 93-cü ilə qədər Laçın, Qubadlı, Qarabağ istiqamətində çoxsaylı döyüşlər gedirdi. Mən dəqiqliklə deyə bilərəm ki, ermənilər rusların köməyi olmadan effektli nə isə edə bilmirdilər. Kömək olmayanda postda qalmağa belə qorxurdular. Ermənidə cəngavərlik, qorxmazlıq yoxdur. Atəşkəsdən sonra mən 2000-ci ilə qədər kəşfiyyata rəhbərlik etdim. Qarşıma məqsəd qoydum və Respublika səviyyəsində tam təminatsız kəşfiyyat işini formalaşdırdım. Çox qəhrəman övladlarımız şəhid olub, Allah onlara rəhmət etsin. Döyüşdən sağ çıxanlarla mütəmadi olaraq görüşürük. Bizi birləşdirən vətənpərvərlik duyğusudur. Hamımız döyüşçüyük və istənilən vaxt vətən uğrunda döyüşə getməyə hazırıq. Bir neçə dəfə hərbi hissəyə getdik, əsgərlərlə görüşdük, şəhid ailələrini ziyarət etdik. Sözsüz ki, öz imkanlarımız hesabına. Güvənilən, inanılan insanlar var ki, onların arxasında çox qısa zamanda minlərlə döyüşçü dura bilər. Aprel döyüşlərində mənə bəlkə 1000-ə yaxın insan zəng etdi ki, komandir, bəs biz nə vaxt gedirik? Belə insanlar lazımi qədərdir. İnam, güvən itmədikdən sonra, hər şey reallığa, obyektivliyə əsaslananda hər şey asandır. Vətənpərvərlik Vətənin yerindən, yurdundan, bucağından asılı olmayaraq insanların bir-birini sevməsidir. Vətənpərvərlik odur ki, insanlar əl-ələ verib ölümə getsinlər, torpaq üçün vuruşsunlar. Əsl vətənpərvərlik budur.

 

Fuad Babayev: Birinci Qarabağ müharibəsindən az qala 30 il keçir. Bir qədər də vaxt keçdikdən sonra bizə o əraziləri gəzən, görən, tanıyan mütəxəssislər lazım olacaq. Biz gecikmirik ki? Zamanın bizim əleyhimizə işlədiyini deyə bilərikmi?

Dağbəyi Məhiyəddinov: Gecikməyə gəldikdə onu deyim ki, 1 ay, 5 ay, 1 il gec olsa da əsas məsələ yetəri qədər hazırlıqlı olmaqdır. 2018-ci ildə kəşfiyyatçılarla görüşüb hərbi hissəni ziyarət etmişdik. 26 ildən sonra həmin insanlar hərbi geyimdə idi, biz özümüz belə planlaşdırmışdıq. Köhnə kəşfiyyatçıları hərbi geyimdə görəndə hərbi hissə komandiri, əsgərlər çox təəccübləndi, heç kim belə bir şey gözləmirdi. Bu dəqiqə çatışmazlıq ondan ibarətdir ki, tərxis olunanlarla xidmət edənlər arasında əlaqə, kompaktlıq yoxdur. Bunların hamısını yaratmaq lazımdır. Komanda şəklində formalaşmaq üçün əsas şərt budur. İndi peşəkar hərbçilər lazımi qədərdir. Aşağı instansiyadan tutmuş yuxarıya qədər. Döyüş idarə etmək də asan iş deyil. Yeganə tələb odur ki, yerində və vaxtında lazımi qərar verilsin ki, arxadakılar da onların yanında dursun və az itki ilə istənilən nəticə əldə edilsin.

 

Qəzənfər Hüseynov: Mən də bu sualla bağlı öz fikirlərimi əlavə etmək istəyirəm. Sözsüz ki, zaman keçir. Bu bizim xeyirimizə də ola bilər, ziyanımıza da. Amma əsas odur ki, ümidimiz qırılmayıb. Mən Sumqayıtda yaşayıram. 2016-cı ildə aprel hadisələri zamanı çox təsirli mənzərələrə şahid oldum. Bütün küçə Azərbaycan bayrağına bürünmüş məktəbli oğlan və qızlarla dolu idi. 500-600-ə yaxın gənc toplanmışdı. Əksər evlərə Azərbaycan bayrağı asılmışdı. İnsanlarda çox böyük ruh yüksəkliyi var idi. O ruhu camaatda yenidən ayıltmaq çətin məsələ deyil. Qarabağı görməyənlər sosial şəbəkələrdən məlumat alırlar, öyrənirlər. O yerlər onlara da doğma gəlir. Balaca uşaqlar Qarabağı düşməndən azad edəcəyik düşüncəsi ilə böyüyür. Bu gün müharibə yetişsə, mən sizi inandırım ki, 2016-cı ildə gördüyümüzdən daha böyük ruh yüksəkliyi ilə insanlar meydana çıxacaq. Çünki bütün düşünən insanlarda borc anlayışı var. Və onu da deyim ki, 92-93-cü illərdəki məğlubiyyətlərimizin kökündə ideoloji məsələ durur. Erməni elə bir məfhumdur ki, torpağı işğal edibsə onun üzərində nə varsa özününküləşdirməsə əl çəkən deyil. Məsələn, Qarabağda çoxsaylı alban abidələri var, ancaq onlar erməni abidələri kimi təqdim edirlər.

 

Fuad Babayev: İlham müəllim, sizin icmadakı fəaliyyətiniz nədən ibarətdir?

İlham Quliyev: Qəzənfər müəllim məni icmaya dəvət edəndə düşündüm ki, icmanın iqtisadi fəaliyyəti üçün müəyyən qədər yararlı ola bilərəm. Bu da müsbət qarşılandı. Mən iqtisadi layihə də hazırladım. Həmin layihə bir çox istiqamətdə işləri özündə ehtiva edir. Bilirsiniz ki, Azərbaycanda məcburi köçkünlər üçün bir çox şəhərciklər tikilib. Məsələn, ən kiçiyi 3500 nəfərin yaşaması üçün nəzərdə tutulub. 9000, hətta 12000 məcburi köçkünün yaşaması üçün nəzərdə tutulan şəhərciklər də var. Şəhərciklərdəki binaların sayı da artırılır. Hazırladığım layihəni komitəyə təqdim etdik. Təkliflərim barədə danışım. İlk öncə iş yerlərinin yaradılmasına diqqət çəkmək istədim. Ən önəmlisi hər bir şəhərcikdə sosial mağazaların təşkil olunmasıdır.

 

Fuad Babayev: Sosial mağaza dedikdə nəyi nəzərdə tutursunuz?

 

İlham Quliyev: Bilirsiniz ki, məcburi köçkünlər "çörək pulu” adlanan müavinət alırlar. Bu müavinət ödənən vaxtlarda Kapital Bank bankomatları o qədər də çox olmadığı üçün uzun növbələr yaranır. Qadınlar, qocalar dəqiqələrlə bankomatların qarşısında sıra gözləyirlər. Çox sayda məcburi köçkün evlə təmin olunsa da iş tapa bilmir və ya digər maddi problemləri var. Təklif etdik ki, həmin şəhərciklərdə iş yerləri açılsın və sosial mağazalar yaradılsın. Sosial mağaza nədir? Qida istehsalı ilə məşğul olan şirkətlərdən hər hansı biri ilə razılıq əldə edilir. Şəhərciklərdə yaşayış binalarının boş qalan hissələrində həmin şirkətlərin topdansatış mərkəzləri yaradılır və belə bir şərt qoyulur ki, həmin mağazalarda ancaq məcburi köçkünlər işlə təmin olunsun və yalnız məcburi köçkünlər alış-veriş etsin. Yəni bankomatda növbə gözləmək yerinə məcburi köçkünlər həmin mağazalardan öz müavinət kartları ilə məhsul əldə edir. Həm qiymət nisbətən aşağı olur, həm işlə təmin olunurlar, həm də həmin şirkətlərin dövriyyəsi böyüyür. Belə işlərdə maraqlı olan şirkətlər mövcuddur. Bu özü məcburi köçkünlər üçün çox böyük dəstəkdir.

Digər bir təklifim belə idi ki, şəhərciklərdə məhsul istehsalı həyata keçirilsin, işçi qüvvəsi də məcburi köçkünlərdən ibarət olsun. Həm əməkhaqqı alsınlar, həm də büdcədən yayınma olmasın. Hər şənbə günü mən məcburi köçkünlər üçün marketinq treyninqləri də keçirəm. Həm tələbələr, həm də təhsilini tamamlamış insanlar üçün. Bu da tam təmənnasız həyata keçirilir. Könüllülük layihəmiz də var. Bu məsələ komitə ilə də razılaşdırılıb. Axırıncı kurs universitet tələbələrindən, təhsilini tamamlamış gənclərdən könüllülər seçilib komitəyə təqdim olunur. Könüllü kimi orada 2 ay müddətinə çalışırlar, uyğunlaşanlar işlə təmin olunur. Komitəyə uyğun olmayanlar isə başqa yerlərə təklif olunur. Bacarıqlı uşaqların peşəyə yönləndirilməsi işlərini də planlaşdırırıq. Sumqayıt şəhərində, 12-ci mikrorayonda məcburi köçkünlər üçün yeni təhvil verilmiş şəhərcikdə pilot layihə olaraq bu işə başlamışıq. Orda çox rayonlar təmsil olunur. Qubadlı, Laçın, Kəlbəcər, Cəbrayıl, Füzuli, Ağdam və s. Komitə sədri bizlə görüşəndə də bildirdi ki, çox mühüm məsələlərə toxunduğumuzdan bütün şəhərciklərdə bu yeniliklərin tətbiq olunmasını arzulayır. İcma tam təmənnasız fəaliyyət göstərir. Ancaq mən ümid edirəm ki, nə vaxtsa icmanın modul olaraq təşkilatlanması üçün maddi bazası da yaradılar. Çünki gələcək üçün qarşıya qoyulan mühüm planlar var və onların reallaşdırılması üçün müəyyən baza olması şərtdir. Hazırda pilləli təşkilatlanma mərhələsindəyik. İmkanlarımız hesabına bəzi şeyləri edirik, bəziləri üçün gözləyirik ki, bizə dəstək olsun və ya təklifimizə qarşılıq başqa təkliflər olsun.

 

Fuad Babayev: Qəsəbələrin salınması, iqtisadi layihələr və s. bu kimi işlərə o qədər başımız qarışıb ki, sanki torpaqlarımızın qayıdacağına inanmırıq. Sizə də elə gəlmirmi?

 

Qəzənfər Hüseynov: Bu sual Azərbaycan cəmiyyətini narahat edən suallardan biridir. Torpaqlarımız geri alınanda Laçından çıxanda 73 000 əhali var idisə, hamısı Laçına qayıdacaq. Bu dövlət siyasətidir, bizim buna qarışmaq hüququmuz yoxdur. Amma sonradan iqtisadi vəziyyət yaxşı olmasa əhali yenidən Bakıya, Sumqayıta üz tuta bilər.

Bizim belə bir təklifimiz də olmuşdu. Qaçqınların şəhərdən boşaldılması məsələsi. Məsələn, məcburi köçkün 60 manat "çörək pulu” alır. 5 nəfərlik ailədirsə, bu 300 manat edir. Bu məbləğlə dolanmaq çətin məsələdir. Həmin insanlar vaxtilə bölgələrdə təsərrüfatla, heyvandarlıqla məşğul olub. Təklifimiz belə idi ki, onlara ayrıca bir şəhərcik salınsın. Dövlət tərəfindən onlara mal-qara verilsin, şərait yaradılsın. Biz də öz növbəmizdə təbliğat aparaq və əvvəllər bölgələrdə təsərrüfatla məşğul olan məcburi köçkünləri o qəsəbələrə yönləndirək.   Hətta sədrin bizə verdiyi məlumata əsasən 5-6 ay ərzində 20 ailə belə təsərrüfatlara cəlb edilib. Bu həqiqətən böyük rəqəmdir.

 

İlham Quliyev: Hər bir rayonun təsərrüfatında öz spesifikası var. Laçında heyvandarlıq, Ağdamda üzümçülük, pambıqçılıq əsas rol oynayır. Biz təklifimizdə yazmışdıq ki, əgər qayıdış olacaqsa, bu insanları indidən həmin şəraitə hazırlamaq lazımdır. Tutaq ki, bir ay sonra torpaqlarımız geri qaytarıldı, 1 il sonra evlər tikiləcək, insanlar yerləşdiriləcək. Amma belə bir məsələ var ki, Sumqayıtda məskunlaşan məcburi köçkün gənclər internet klublarda vaxt keçirir, yəni şəhərə assimilyasiya olub. Həmin uşaq sabah rayonda təsərrüfatla məşğul ola bilməyəcək. Nə etmək lazımdır? Bu ailələrin müəyyən bir faizi təsərrüfatlara uyğunlaşdırılmalıdır. Təbii ki, hər rayonun özünə, təbii şəraitinə, relyefinə uyğun olaraq. Məcburi köçkünlər üçün bir çox işlər görülür, layihələr həyata keçirilir. Amma heç kəsə bu biznesi necə idarə edəcəyini öyrədən yoxdur. Mənim təklifimdə belə idi ki, 20 ailə bir yerə yığılır. Dövlət onlar üçün şərait, struktur formalaşdırır. Menecerlər bu təsərrüfatları idarə edir və həmin insanlar da müşahidə edərək öyrənirlər. Daha sonra təsərrüfatın səlahiyyətləri tamamilə həmin insanlara ötürülür.

 

Qəzənfər Hüseynov: Çətin proses olsa da mümkündür.

 

İlham Quliyev: 20 ailə təsərrüfatla məşğul olacaq, 30-u isə onları müşahidə edib öyrənəcək. Bunların hamısını gerçəkləşdirmək tək komitənin gücünə mümkündürmü deyə bilmərəm, amma komitə rəhbərimiz Rövşən Rzayev sağ olsun ki, bizim təkliflərimizi həmişə müsbət qarşılayır. Özü bizimlə görüşlərə meyllənir, təklifləri genişləndirməyi tələb edir.

 

Təmkin Məmmədli: Hüquqi qeydiyyatla bağlı hansısa işlər görülürmü?

İlham Quliyev: Bununla bağlı komitədə hüquq şöbəsi ilə də görüşdük. Komitədə ictimai şura və onun üzvləri var, QHT-lər yaradılıb. Amma biz QHT kimi fəaliyyət göstərmək istəmirik.

 

Fuad Babayev: Yəni Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin struktur vahidi kimi fəaliyyət göstərirsiniz.

 

İlham Quliyev: Bəli, həm də ictimai əsaslarla. Hansı tərəfə baxsanız hər şey ictimai əsaslarladır. Həqiqətən elə layihələr nəzərdə tutulub ki, onlar sadəcə komitənin gücünə də mümkün deyil. Miqyası böyükdür. Komitənin gücünə mümkün olanları təqdim etmişik ki, görək hansılar hasil olur. Məni məsələnin rəsmi tərəfi elə də çox maraqlandırmır, əsas məsələ Sumqayıtda olan məcburi köçkünlər adından bütövləşmiş, düşünülmüş fikirləri komitəyə çatdırmaqdır. Əminliklə deyə bilərəm ki, həmin məcburi köçkünlər içərisində maddi imkansızlıq çəkənlər, övladı şəhid olub qayğıdan, diqqətdən kənar qalan insanlar çoxdur. Bizim missiyamız bu insanları ortalığa çıxartmaq, onlara dəstək olmaqdır. Əhalimizin demək olar ki, 10 faizi məcburi köçkündür.

 

Hazırladı: Aytac Hüseynova, 1905.az