Toxunulmaz direktor, yoxsa…



Haqqında çox yazılıb, rəhbərlik etdiyi məktəbdə baş verən özbaşınalıqlar, qanunsuz əməllər, təhsilimizə ləkə olan, yaraşmayan nöqsanlardan ağızdolusu danışılıb. İstər yazılı mətbuatda, istərsə də tv.lərdə onunla bağlı gedən materialları toplasan, böyük bir film-dastan qayırmaq olar…

Hə, çox gözlətməyək, bu adam Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 1 saylı tam orta məktəbin direktoru Çinarə Atayevadır.

Atayevanın direktor olanadək keçdiyi “əzablı”, “keşməkeşli” yollardan bəhs etmək fikrində deyilik. Onun heç “imtahansız necə direktor olmaq olar” düşüncələri ilə də işimiz yoxdu. Zatən bütün qəsəbə bilir(di) ki, Atayevanın qoruyucu mələyi rayonun icra Başçısı İradə Gülməmmədova(y)dı. İradə xanım yola salındı, görəsən Atayeva özünə “qoruyucu” tapa bilibmi? Qoruyucu demişkən, direktorun Rəhman adlı mühafizəçisi şefinə o qədər sadiqdi ki, məktəbdəki qanunsuzluqlar barədə çəkilişə gələn jurnalistlərə hücum edir, kameraları zədələməkdən çəkinmir və asanlıqla da vəziyyətdən çıxa bilir-polis bölməsinə gedib etdiyi qələtə görə rəsmi üzr istəyib qeyb olur…
Atayevanın məktəbdəki şəbəkəsinin başında Pərvanə və İlhamə bacılarının durduğu haqda mediada kifayət qədər məlumatlar yayılıb. Direktorun dərs bölgüsündə çirkin yollardan istifadə etməsində müavini Pərvanə Qarayevanın “şücaəti” danılmazdı. Hətta o dərəcədə ki, direktor tərəfindən döyülən (Anar Mirzəağayev) şagirdin valideynlərinin könlünün “alınmasından” tutmuş, dil-ədəbiyyat müəllimi Mədinə Hətəmli ilə əlbir olub dərs saatlarının bölgüsündəki naqisliyin ört-basdır edilməsinə qədər…

Bakupost.az-ın məlumatına görə, məktəbdə nazirlik tərəfindən yoxlamalar başlanıb və kifayət qədər qanunsuzluqlar aşkarlanıb.Yoxlamanın nəticələri ilə bağlı hələ ki, rəsmi məlumat yoxdu. Abşeron rayon təhsil şöbəsinin müdir əvəzi Pərviz müəllimi isə tapmaq, əlaqə saxlamaq müşkülə dönüb.

Çox maraqlıdı, görəsən Təhsil nazirliyi 1 saylı Ceyranbatan tam orta məktəbində baş verən neqativ hallar və qanunsuzluqlar haqda nə vaxtadək susacaq? Bir vaxtlar İctimai tv-dən millətə “dərs keçən” Cəsarət Valehoğlu nə vaxt cəsarətlənib adı çəkilən məktəbdə baş verənlərlə bağlı ictimaiyyəti bilgiləndirəcək?

Suallar çoxdu, cavabını isə kim verəcək, bilən yoxdu. Atayeva isə atamanlığında davam etməkdədir. Belə çıxır ki, “kor atın kor nalbəndi olar” deyimi təhsil nazirliyi ilə Çinarə xanım arasındakı münasibətləri özündə çox ehtiva edəcək…

Bakupost.az

Bizimlə əlaqə saxlayın