Valideyn himayəsindən məhrum olan uşağların hüquqları. Ağa İsmayılzadə yazır

Manşet
10 Mayıs 2021
12:53


Bütün dünyada olduğu kimi, son illər Azərbaycanda da çoxlu sayda valideyn himayəsindən məhrum olan uşaqların sayı get-gedə artmaqdadır. Müxtəlif səbəblərdən yetim qalan, yaxud hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şıxslər bu qrupa aid edilir.

Valideyn himayəsindən məhrum olmuş uşaqlar qrupuna hər iki valideyni məlum olmayan, valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan olunan, cəzaçəkmə müəssisələrində cəzasını çəkən, uşaqlarının tərbiyə edilməsindən, yaxud onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən, uşaqlarını tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və digər analoji müəssisələrdən götürməkdən imtina edən, qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslər daxildir. Bir valideyni vəfat etmiş, digər valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi sahəsində verilən təminatlara təhsil, tibbi xidmət, əmlak və yaşayış sahəsi, həmçinin, əmək hüququ üzrə təminatlar aiddir.
İndi isə həmin təminatlara ayrı-ayrılıqda nəzər salaraq, yuxarıda adlarını qeyd etdiyimiz hüquqları araşdıraq. İlkin olaraq təhsil və tibbi təminatı barəsində danışaq.


I. Təhsil təminatı


Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə tam dövlət təminatından əlavə, həmin təhsil müəssisəsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilir, habelə istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə ali və orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada və miqdarda müavinət verilir.
Ali və orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alarkən tibbi göstərişlər üzrə akademik möhlət verilən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə həmin müddət ərzində tam dövlət təminatı saxlanılır, təqaüdlər verilir. Həmin müəssisələr və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat onların müalicəsinin təşkilinə kömək edirlər.


II. Tibbi xidmət üzrə təminatlar


Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə dövlət büdcəsinin vəsaitləri hesabına bütün dövlət müalicə-profilaktika müəssisələrində tibbi xidmət göstərilir və onlar mütəmadi tibbi müayinədən keçirilir.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar tibb müəssisələrinin göndərişi əsasında Azərbaycan Respublikasının hüdudları daxilində sanatoriya-kurort müalicəsi və müalicə ocaqlarına gediş-gəliş xərcləri ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada təmin edilirlər.

Ağa İsmayılzadə,

“Valideyn Himayəsindən Məhrum Olan Uşaq və Gənclərə Yardım” İctimayi Birliyinin sədri,
İqtisadiyyat Universitetinin tələbəsi