Səudiyyə Ərəbistan hadisələrdən imtina edir

Manşet / Hadisə / Dünya
3 Mayıs 2021
00:00


Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman yarırəsmi “Rotana” TV-yə verdiyi son müsahibəsində hədislər barədə səsləndirdiyi fikirlər Riyadın ənənəvi din anlayışından uzaqlaşacağı anlamına gəlir.

AXIN.AZ xəbər verir ki, vəliəhd şahzadə müsahibəsində Səudiyyə Ərəbistanın konstitusiyasının Quran olduğunu xatırladıb və hədisləri ikinci plana atılmasının vacibliyini bildirib.

Onun fikrincə, ikinci plana atılan hədislərə də müxtəlif yanaşmalar tətbiq olunmalıdır: mütəvatir hədislər əsas götürülməli, əhəd hədislər isə rədd edilməli və onların tələbi həyata keçirilməməlidir. Məhəmməd bin Salman həmçinin Buxari və Müslim hədislərinin çoxunun mütəvatir olmadığını və tətbiqdən çıxarılmasının lazım olduğunu vurğulayıb.
Nəzərə alsaq ki, sünni məzhəbinin əsas hədis qaynaqlarından ikisi Buxari və Müslim hədisləridir, vəliəhdin bu sözlərini necə başa düşmək olar?

Bəzi ekspertlər vəliəhd şahzadənin bu sözlərlə Səudiyyə Ərəbistanında növbəti açılımlara gedəcəyinə inanırlar. Fəlsəfə elmləri doktoru Aydəm İsmayılov da bu cür düşünənlərdəndir.


A.İsmayılov əməkdaşımızla söhbətində mütəvatir və Əhəd hədislər arasındakı fərqə aydınlıq gətirərək deyib:

“Məlum olduğu kimi, Məhəmməd peyğəmbərin vəfatından sonra müsəlmanlar qarşısında necə hərəkət edəcəklərinə dair ciddi suallar ortaya çıxmışdı. Peyğəmbər sağkən qarşılaşdıqları problemlərlə bağlı ondan məsləhət alanlar peyğəmbərin vəfatından sonra kimə istinad edəcəklərini bilmir və onun bənzər hadisələrlə bağlı məsləhətlərini əsas götürüb həyatlarına tətbiq etməyə çalışırdılar. Əsasən də peyğəmbəri şəxsən görənlərin rəvayətlərinə inanırdılar. Bunlara “səhabələr”, yəni peyğəmbərin dostları deyilirdi. Zaman keçdikcə, səhabələr də ömürlərini tamamladılar və məlumat qaynağı kimi “təbiun”lar ortaya çıxdı. “Təbiun” ərəbcə kəlmə olub birinə tabe olan, izləyən deməkdir. Səhabələr tərəfindən yetişdirildiyindən bu adı almışdılar. Hədislərin qələmə alınması da məhz təbiunlar dövründə ortaya çıxdı. Çünki müsəlmanlar ilk qaynaqdan (peyğəmbərdən) xeyli uzaqlaşmış və uydurma hədislər ortaya çıxmışdı. Bunun qarşısını almaq üçün səhih hədislərin qələmə alınması zərurəti doğmuşdu. Hədis kitabı yazanlar da eşitdikləri rəvayətlərin qaynağını göstərməli idilər. Qaynaq əgər heç bir şübhə doğurmayan dəlillərlə ilk qaynağa qədər gedirdisə, buna mütəvatir hədis deyirdilər. Müxtəlif nəsillərdən nəql edənlərin sayı ən azı üçə düşərsə, "məşur" və ya "müstəfiz"; ikiyə düşsə " müstəfiz"; birə düşsə, "qərib" və ya "fərd" adlanır. Mütəvatirdən başqa bütün digər hədislərə isə "əhəd hədislər" deyilirdi”.


Həmsöhbətimizin bildirdiyinə görə, mütəvatir hədislər o qədər də çox deyil və onların belə nə qədər səhih olduqları mübahisəlidir: “Vəliəhdin bu sözləri faktiki olaraq hədisləri müsəlmanların həyatından çıxarılması anlamına gəlir. Xüsusilə Müslim və Buxari hədislərinin tətbiqdən çıxarılması Səudiyyə müsəlmanlarını böyük bir istinad nöqtələrindən məhrum edə bilər”.

Aydəm İsmayılovun fikrincə, Riyadın bu addımı yürütməyə çalışdığı xarici siyasətlə bağlıdır: “Bilirsiniz ki, son zamanlar təkcə Səudiyyə Ərəbistanı deyil, bir sıra ərəb ölkələri İsraillə yaxın münasibətlər qurmağa çalışır. Onların qarşısında dayanan əsas maneələrdən biri də hədislərdir. Hədislərdə açıq şəkildə yəhudilərlə yaxın münasibət qurulmasına xoş baxılmır. Görünür, Riyad da bu maneəni aradan qaldırmaq üçün bu yola üstünlük verib. Biz hədislərin səhihliyi mübahisələrinin İsraillə yaxın münasibətlər qurmaq istəyən digər ölkələrində də görürük”.
11.05.2021
20:00
"Real" Mendini itirdi