Nə TƏBİB, nə də nazirlik onlara sahib çıxmır - SOS: Bir azdan həkim tapmayacağıq!

Manşet / Səhiyyə
12 Oca 2021
20:00
Nə TƏBİB, nə də nazirlik onlara sahib çıxmır - SOS: Bir azdan həkim tapmayacağıq!
COVİD-19-la mübarizə aparan həkimlər arasında vəziyyəti ağır olanlar var. DİA.AZ xəbər verir ki, Gəncə Şəhər Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinin müdiri Şirin Əhmədovanın COVİD-19 infeksiyasından vəfat etdiyi bildirilir. Bu barədə həkimin iş yoldaşları məlumat veriblər.

Bundan əlavə, Sumqayıtda psixiatr işləyən Valeh Alışovun da koronavirusdan həyatını itirdiyi bildirilir.

Eyni zamanda, Azərbaycan Tibb Universitetinin Potoloji Fiziologiya kafedrasının əməkdaşı Həsən Şahverdiyev, Göyçay Rayon Mərkəzi Xəstəxanasının həkimi Elçin Şıxıyev də koronavirusa yoluxaraq vəfat edib. Tərtər Mərkəzi Xəstəxanasının baş həkimi Yaşar Hüseynov da virusun qurbanı olan həkimlərin sırasındadır. Beləliklə, təkcə yanvar ayında 10-dan çox tibb işçisi koronavirusdan həyatını itirib.

26 saylı Bakı Şəhər Xəstəxanasının Terapevt Qastroentoloqu Gülnar Ağayevanın vəziyyətinin ağır olduğu deyilir. İş yoldaşlarının verdiyi məlumata görə, 1 ay ağır koronaviruslu xəstələrlə işləyən həkim hazırda Yeni Klinikanın reanimasiya şöbəsində müalicə alır.

Yeni Klinikanın adının açıqlanmasını istəməyən həkimi isə bildirib ki, hazırda xəstəxanada 4 tibb işçisi müalicə olunur. Onlardan üçünün vəziyyəti ağırdır. “Həkim və digər tibb işçiləri arasında yoluxma, ölüm halları yüksəkdir. Bunun səbəbləri bəllidir. Məsələnin ağrılı tərəfi odur ki, virusa yoluxan tibb işçilərinə qarşı laqeydlik var. Bir çox həmkarımız yer olmaması bəhanəsi ilə günlərlə xəstəxanaya yerləşdirilmir. Hətta elə tibb işçiləri var ki, işlədikləri xəstəxanada müalicə olunmur, şöbə müdiri, baş həkim öz işçisinin vəziyyəti ilə maraqlanmır. Koronaviruslu xəstələrlə işləyən, yəni iş prosesində yoluxan, ancaq evdə müalicə alan tibb işçiləri dərmanla təmin edilmirlər. Həkim öz vəsaiti hesabına dərman alıb, müalicə olunur”,-həkim belə söyləyib.

Virusa yoluxan tibb işçilərinin müalicəsi üçün xüsusi xəstəxananın ayrılması, yaxud özəl klinikaların prosesə cəlb edilməsi ilə bağlı təkliflər qəbul olunmayıb.

Ötən il tibb işçiləri bunun üçün imzatoplama kampaniyası keçirmişdi. Kampaniyaya onlarla həkim qatılmışdı.

TƏBİB-dən isə virusa yoluxan və vəfat edən həkimlərin sayı, eləcə də narazılıqları ilə bağlı sualları cavablandırmaq istəməyiblər.