Dünyada ilk dəfə olaraq e-rezidentlər rəqəmsal imza vasitəsilə siyasi petisiya
imzalamışdırlar
Dünyanın “texnologiya sahəsində pionerlər”dən biri kimi tanınan Estoniya dövləti vətəndaşlarının
həyatının müxtəlif aspektlərdə rəqəmsal formata keçməsi üçün bir sıra imkanlar təklif etmişdir.
Estoniyada son illərdə istifadəyə verilmiş e-Rezidentlik proqramı sübut edir ki, Estoniyanın “informasiya
cəmiyyəti” həlləri qlobal təsirə malik ola bilər. Tamamilə rəqəmsal formatda siyasi petisiyanın
imzalanması bu sahədə irəliyə doğru yeni sıçrayışa səbəb oldu.
Estoniyada təhsil alan bir qrup gənc Estoniyanın rəqəmsal həllərindən ilhamlanaraq, fiziki yaşayış
yerindən və ya vətəndaşlığından asılı olmayaraq dünyanın hər yerindən insanların cəlb olunması
məqsədilə tamamilə rəqəmsal siyasi petisiyanı başlatdı.
2020-ci il 17-18 oktyabr tarixlərində 30-dan artıq ölkənin vətəndaşı öz milli rəqəmsal şəxsiyyət vəsiqələri
və e-Rezidentlik kartlarından istifadə edərək rəqəmsal formatda öz siyasi iradələrini ifadə etmək üçün
rəqəmsal imzalarını atdılar.
Heç kimə sirr deyildir ki, onlayn petisiyalar müasir dövrün geniş yayılmış təcrübəsi hesab edilir.
Change.org kimi bir çox platformalar hər kəsə onlayn petisiya həllərini təklif edir. Lakin bu rəqəmsal
siyasi petisiya özündə iki innovasiyanı əks etdirir:
1. Siyasi petisiya qanuni olaraq əl imzasına bərabər tutulan təkmil elektron imzalar ilə
imzalanmışdır.
2. Estoniyanın e-Rezidentləri özlərinin e-Rezidentlik ID kartları (ID-cards), mobil ID (Mobile ID) və ya
smart ID kartlarından istifadə edərək hüquqi öhdəlik daşıyan rəqəmsal imzaları ilə bu siyasi
petisiyanı imzalamışlar.
Bu fakt sübut etdi ki, indi vətəndaş cəmiyyəti Estoniyanın innovativ platformasından və e-Rezidentlik
proqramından istifadə etməklə dünyanın hər yerindən olan insanların siyasi mövqelərini qanuni şəkildə
ifadə etməyə qabildir. Bu, həm də son illərin elektron iştirakının “ən yaxşı təcrübələri”ndən biri ola bilər.
Estoniya, Latviya, Litva, Yaponiya, Almaniya, İsveç, Finlandiya, Filippin, Bolqarıstan, Türkiyə, Ukrayna,
Gürcüstan, Azərbaycan, Pakistan, Hindistan, İran, Türkmənistan, Rusiya, Misir, İordaniya, Kenya,
Birləşmiş Krallıq, Meksika, Makedoniya, Albaniya, Uqanda, El-Salvador və digər ölkələrin sakinləri BMT
Təhlükəsizlik Şurasının üzvü olan Estoniya hökumətinə ünvanlanmış siyasi bəyanatı rəqəmsal
imzalayaraq, Ermənistan Respublikasının törətdiyi beynəlxalq hərbi cinyatələrə qarşı tədbir görülməsini
tələb etmişlər.
Estoniyanın BMT Təhlükəsizlik Şurasında bəyan etdiyi “Estoniya kiçik bir dövlət kimi ümumi qaydalara və
beynəlxalq hüquqa əsaslanan dünya düzənində maraqlıdır” prinsipini nəzərə alan siyasi petisiya BMT-nin
digər bir üzvünün – Azərbaycanı dəstəkləməsi məqsədilə Estoniya hökumətinə göndərilmişdir.
Petisiya 2020-2021-ci illərdə BMT Təhlükəsizlik Şurasının fəal üzvü kimi Estoniya Respublikası
Hökumətini səsini ucaldaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi
vəhşilikləri pisləməyə və Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərinin işğalına beynəlxalq
hüquq norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri əsasında
tezliklə son qoyulmasını tələb etməyə çağırır. Petisiyada deyilir: “Estoniya cəmiyyəti və dövlət
nümayəndələri həmişə Gürcüstan, Ukrayna və Moldovanın ərazi bütövlüyünü dəstəkləmişlər. Biz onların
Azərbaycana da eyni münasibət göstərəcəklərini və israrla bu mövqelərini müdafiə edəcəklərini
gözləyirik”.
Siyasi petisiyanın tam mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
http://bit.ly/digitally_signed_political_statement
Bu aksiya Avropanın Gənc Azərbaycanlı Dostları Assosiasiyası (AYAFE) və Estoniyada Təhsil Alan
Azərbaycanlı Tələbələr İcmasının təşəbbüsü ilə həyata keçirilir.
Bu siyasi petisiyaya qoşulmaq istəyirsinizsə, aşağıdakı e-mail vasitəsilə əlaqə saxlayın: office@ayafe.az