axin.az

SON DƏQİQƏ

Neft qiymətlərinin taleyini həll edəcək qərar gecikir: Hasilat istənilən halda artırılacaq

8-07-2021, 17:00



“OPEC Plus” ölkələri arasındakı ittifaq daxilində birlik zəifləməkdədir. Növbəti dövrdə neft hasilatının hansı səviyyədə artırılacağı ilə bağlı ortaq qərara gəlmək mümkün olmayıb. Müvafiq qərarla bağlı qeyri-müəyyənliklər olduğu kimi qalır. Avqust-dekabr aylarında tətbiq ediləcək kvotaların bazarda çox şeyi dəyişəcəyi ehtimal edilir. Hasilatın heç bir halda sabit qalacağı gözlənilmir, lakin qərar ertələndikcə ölkələr hasilatı sabit saxlamağa məcburdurlar. İlkin versiyada gündəlik hasilatın 400 min barel artırılması təklif edilib. Lakin, hazırda bazara daha çox məhsul çıxarmaqda israrlı olan tərəflər də var.

Razılaşdırılmış artım ilkin dövrdə neft qiymətlərində azalmaya səbəb olacaq. Lakin, yüksək tələbin qiymətlərdə sabitlik yaradacağı ehtimal edilir. Hazırda pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərin yumşaldılması ilə neftə təlabat artmaqdadır. Bazarda neftlə bağlı əlavə təklif çatışmazlığından ehtiyat edən tərəflər hasilatı artırmağa meyillidirlər. Bəzi ölkələr isə artan neft qiymətlərindən yararlanmağa çalışırlar. Lakin, növbəti dövr üçün anbarlarda qədərindən artıq neftin saxlanılması da riskli sayılır, çünki, virusun yeni növləri, qapanmalara getmə ehtimalı və nəqliyyatda gecikmələr prosesdə ehtiyatlı olmağı labüd edir.

Hazırda Birləşmiş Ərəb Əmirliklərinin hasilatı artırmaqla bağlı təkidləri davam edir. Səudiyyə Ərəbistanı ilə Rusiyanın hasilatı 400 min barel artırmaqla bağlı fikirləri üst-üstə düşür. Kvotalar eyni qaldığı müddətdə neftin qiymətinin artmaqda davam edəcəyi gözlənilir. İclas və artımla bağlı qərar qaçınılmazdır. Söhbət nə qədər artımın olacağından gedir.

Etalon sayılan “Brent” markalı neftin qiyməti 2018-ci ilin oktyabr ayından bu yana ilk dəfə 77 dollar həddini keçdi. Eləcə də, “West Texas Intermediate” (WTI) markalı yüngül neft də həmin dövrdən bu yana ilk dəfə 76,90 dollar səviyyəsinə çatdı. “Goldman Sachs”ın əvvəlcədən verdiyi proqnoza görə “Brent” markalı neftin 80 dollara çatacağı ehtimal edilir. “Bank of America”nın proqnozuna görə isə neftin qiyməti 100 dollara qədər belə arta bilər.

Azərbaycan neftinin qiyməti də son bir-neçə həftə ərzində kifayət qədər artıb. Hətta 5 iyul tarixində “Azeri Light” markalı neftin qiyməti 78 dollar həddini aşdı.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Oxu.Az-a bildirib ki, “OPEC Plus”un qərarı ilə bağlı bazar hələ ciddi reaksiya göstərmir, çünki Brent markakı neft hazırda 73 dollar ətrafında ticarət edilir:

“Lakin hazırda qiymətin enmə ehtimalı artmasından daha çoxdur, çünki ölkələrin bazara daha çox neft çıxarması gündəmdədir”.

Onun sözlərinə görə, qiymətlər ilkin dövrdə enəcək, daha sonra tələbin artması ilə qiymətlər də artacaq və əgər Birləşmiş Ərəb Əmirliklərinin təkidi ilə hasilat 400 min bareldən daha çox artırılacaqsa bu zaman qiymətlər bazardakı təlabatdan asılı olacaq:

“Təbii ki, bu məqamda qiymətlər hava şəraiti, dünya iqtisadiyyatının artım tempi, post-pandemiya dövründə insanların səyahətə meyillilik dərəcəsi və s. faktorlardan asılıdır”.

Hazırda İranın da yenidən bazara qayıtması ehtimalı müzakirə edilir. ABŞ-ın İrana tətbiq etdiyi sanksiyanın aradan qaldırılması ilə bazara ilkin mərhələdə gündəlik 500 000 barel, uzunmüddətli perspektiv üçün isə 2 milyon barel neft çıxarılacaq.

Nigar Məmmədova


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Temmuz 2021    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
DÜNYA