Məlum olduğu kimi, “Bakı Metropoliteni” QSC aylardır ki, sərnişindaşıma fəaliyyəti ilə məşğul olmur.
Qeyd edək ki, 2021-ci ilin dövlət büdcəsindən quruma 39,2 milyon manat ayrılıb. Hazırda metro fəaliyyət göstərmir.Təbii ki, qurumun gəlirləri də olmur. Belə olan təqdirdə dövlətin quruma maliyyə ayırması zəruridir.
Amma sərnişindaşıma xərclərinin mövcud olmaması nəzərə alınaraq, ayrılan vəsaitə yenidən baxıla bilərmi?
Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Mais Piriyev mövzu ilə bağlı Cebhe.info-nun sorğusunu cavablandırıb:
““Bakı Metropoliteni” QSC-nin təsərrüfat fəaliyyətindən daxilolmaları sərnişinlərin daşınmasından (əsas istiqamət), ticarət obyektlərinin icarə xidmətlərindən, reklam yayımından və digər xidmətlərin göstərilməsindən formalaşır. Cəmiyyət tərəfindən göstərilən sərnişindaşıma xidmətlərinin tarifi dövlət tərəfindən tənzimlənir. Cəmiyyətin gəlirləri (tarif aşağı olduğundan) Cəmiyyətin əməliyyat xərclərini ödəmədiyi üçün yaranan zərər hər il dövlət büdcəsindən ayrılan subsidiya hesabına bağlanır. Cari ilin dövlət büdcəsində bu məqsədlər üçün 39,2 milyon manat nəzərdə tutulub.
COVID-19 pandemiyası ilə bağlı ölkədə yaranmış sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarı ilə 2021-ci ilin 1 iyun tarixinədək "Bakı Metropoliteni"ndə sərnişindaşıma fəaliyyəti dayandırılmış və bunun nəticəsində cari ilin əvvəlindən Cəmiyyətin sərnişindaşıma fəaliyyətindən gəlirləri olmadığı üçün Cəmiyyətin zərəri proqnozlaşdırıldığından, yəni 39,2 milyon manatdan artıq olacaq. Hazırda dövlət dəstəyi olaraq Cəmiyyətin əmək kollektivinin əməkhaqlarının və digər zəruri xərclərinin dövlət büdcəsi hesabına ödənilməsi təmin edilir.
Bununla əlaqədar olaraq ötən dövr ərzində dövlət büdcəsindən Cəmiyyətə subsidiyanın xüsusi qaydada ayrılması təmin edilir və metro nəqliyyatında sərnişindaşıma fəaliyyətində məhdudiyyət aradan qaldırıldıqdan sonra Cəmiyyətin zərərinin ödənilməsi məqsədilə ayrılacaq subsidiyanın məbləğinə yenidən baxılacaq".
M.Piriyev bildirib ki, eyni zamanda dövlət büdcəsindən ayrılan dövlət dəstəyi zamanı metronun fəaliyyət göstərməməsi ilə əlaqədar elektrik enerjisinə və digər kommunal xərclərə qənaət nəzərə alınır.