Hələlik dolların ciddi dəyər itirməsi proqnozlaşdırılmır - DEPUTAT

İqtisadiyyat
7 Nis 2021
16:51


“Böyük Britanıya və eləcə də Avropa Birliyi ölkələrində müşahidə edilən iqtisadi bərpa fonunda avro və əksər səbət valyutalar dollara nisbətən möhkəmlənib”.

Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov söyləyib.

Dolların dünənki birjada da avroya nisbətən 0.4 faiz dəyər itirdiyini deyən deputat bildirib ki, Avropada intensivləşən vaksinasiya prosesi də avronun xeyirinə işləyib.

V.Bayramov, bununla belə, hələlik dolların səbət valyutalara nisbətən ciddi dəyər itirməsinin proqnozlaşdırılmadığını diqqətə çatdırıb:

“Aparıcı valyutalara nisbətən dəyər itirən dollar inkişaf etməkdə olan ölkələrin valyutaları ilə müqayisədə güclü mövqeyini qoruyub saxlayıb. Əksər region ölkələrində ABŞ pulunun milli valyutalara təzyiqi qalmaqdadır. Aparıcı valyutalara nisbətən ABŞ pulunun zəifləməsi, manatın dollara nisbətən möhkəmlənəcəyi anlamına gəlməməlidir”.