"Dünyada 2,2 mlrd. insanın təmiz su resurslarına çıxışı ya yoxdur, ya da daimi deyil. Bu rəqəm 2030-cu ildə 3,5 mlrd. nəfərə qədər arta bilər".
Axin.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, Azərbaycan üçün də ən böyük problemlərdən biri şirin su resurslarınln az olmasıdır:
"Torpaqlarımızın böyük bir hissəsinin işğaldan azad edilməsi su resurslarına çıxışı artırdı, amma bu, yetərli deyil. Cənubi Qafqazın ən az su resursu bizdədir, amma ən çox əhaliyə də Azərbaycan malikdir. Yaxın 20-30 ildə Azərbaycanın əhalisi Gürcüstan və Ermənistanın birgə əhali sayından 3 dəfə artıq ola bilər".
Natiq Cəfərlinin fikrincə, bu məsələ haqqında ciddi düşünməli və problemin həlli üçün indidən işlər görülməlidir:
"Bu işlər ağılla, hesabatlılıqla olmalıdır, daha "Azərsu" kimi qeyri-effektiv, korrupsiya bataqlığına düşən quruma 200 mln-a yeni ofis tikməklə yox..."
İqtisadçı XXI əsrdə su uğrunda müharibələrin olacağını vurğulayıb:
"2009-cu ildə ABŞ-da, Seattle şəhərində maraqlı bir tədbirdə iştirak edirdim. Müzakirələr 2040-cı ildə dünyanı gözləyən təhlükələr ərtafında idi. Çıxış edən alimlərin, siyasətçilərin böyük əksəriyyəti yaxın illərdə dünyanın ən böyük probleminin içməli su olacağını dedilər. Təmiz su resurslarına çıxış üçün dünyada müharibələrin belə ola biləcəyini söylədilər. Bir neçə nəfər çıxışında dedi ki, XX əsrin müharibələri enerji resursları, neft-qaz uğrunda idi, amma XXI əsrdə müharibələr içməli, təmiz su uğrunda olacaq".