Belarusun Mozır neft emalı zavodu (Qomel vilayəti) Odessa limanından “Odessa-Brodı” və “Brodı-Mozır” neft kəmərləri ilə nəql olunan Azərbaycan neftinin emalına başlayıb.
Bu barədə “Belneftexim” konserninin mətbuat katibi Aleksandr Tişenko “İnterfaks”a bildirib.
“Odessada neft birinci tankerdən boru kəməri ilə Mozır neft emalı zavoduna nəql olunub. Zavod onun emalına başlayıb”, - deyə Tişenko əlavə edib.
Xatırladaq ki, “SOCAR Trading” (ARDNŞ-in törəmə şirkəti) mart ayında Odessa limanı və “Odessa-Brodı” boru kəməri ilə Belarusa ümumi həcmi təxminən 250 min ton olan (üç partiyada) neft tədarük etməli idi.
Martın 12-də Türkiyənin Ceyhan limanından Odessa limanına 90 min ton həcmində Azərbaycanın “Azeri Light” markalı nefti, martın 15-də isə Novorossiysk limanından ümumi həcmi 80 min ton “Urals” nefti nəql edilib. Bundan başqa, Supsa limanından daha 80 min ton həcmində “Azeri Light” neftinin daşınacağı gözlənilir.