Azərbaycan karate üzrə beynəlxalq yarışlara ev sahibliyi edəcək
İdman
30-11-2024, 13:37
Azərbaycan 2025-ci ildə karate üzrə iki beynəlxalq yarışa ev sahibliyi edəcək.
Axın.az xəbər verir ki, bunu Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev jurnalistlərə açıqlamasında deyib.
Ü.Quliyev bildirib ki, həmin turnirlərdə 10-a qədər ölkənin idmançıları iştirak edəcəklər. O qeyd edib ki, bu ölkələr hər zaman bu yarışlarda təmsil olunurlar və federasiya hazırda bu iki turnirin təşkilinə fokuslanıb.
Bakıda keçirilən 29-cu Uşaq, Yeniyetmə və Gənclər Arasında Azərbaycan Birinciliyi ilə yanaşı, 32-ci Böyüklər və Parakarateçilər Arasında Azərbaycan Çempionatının açılış mərasimi haqqında danışan Ülvi Quliyev yarışlarda 600-dən çox idmançının mübarizə apardığını qeyd edib. O, həmçinin Azərbaycanın bütün bölgələrindən karateçilərin yarışda iştirak etdiyini və əsas məqsədin milli komandanın formalaşdırılması olduğunu vurğulayıb.
Quliyev əlavə edib ki, mükafatçılar gələn il keçiriləcək beynəlxalq turnirlərdə, o cümlədən Avropa Çempionatı, İslam Həmrəylik Oyunları və Müstəqil Dövlətlər Birliyinin Oyunlarında Azərbaycanın milli komandasının heyətində yer alacaqlar. Milli komanda formalaşdıqdan sonra təlim-məşq toplanışlarına başlanacaq və gələn il üçün bütün yaş kateqoriyaları üzrə yarışlara hazırlıq görüləcək. Ülvi Quliyev idmançıların yaxşı nəticələr əldə edəcəyinə ümid etdiyini də qeyd edib.
Qeyd edək ki, 29-cu ölkə birinciliyi və çempionatına dekabrın 1-də yekun vurulacaq.