Şahmat üzrə qadınlar arasında beşinci dünya çempionu Nona Qaprindaşvili ilə “Kraliçanın Qambiti” (“The Queens Gambit”) serialını yayımlayan “Netflix” arasında barışıq razılaşması olub.
Şirkət və Qaprindaşvili arasındakı razılaşmanın təfərrüatları, o cümlədən kompensasiyanın dəqiq məbləği açıqlanmayıb.
Qeyd edək ki, razılaşma iddianın açılmasından bir il sonra əldə edilib.
Xatırladaq ki, ötən ilin sentyabr ayında şahmatçı Nona Qaprindaşvili Los-Ancelesdə “Kraliçanın Qambiti” serialı ilə bağlı “Netflix”ə qarşı iddia qaldırıb.
Serialın epizodlarından birində qadınlar arasında dünya çempionu olmuş gürcü şahmatçı rusiyalı kimi təqdim edilib.
Bundan başqa qeyd olunub ki, Nona Qaprindaşvili heç vaxt kişilərə qarşı şahmat oynamayıb. İddia ərizəsində vurğulanıb ki, Qaprindaşvili ilə bağlı bu ifadə “milyonlarla auditoriya qarşısında onun nailiyyətlərini alçaldan yalan”dır. Belə ki, 1968-ci ildə o, 50-dən çox kişi şahmatçı ilə oynayıb.
Qaprindaşvili təzminat üçün 5 milyon dollar və onun heç vaxt kişilərlə oynamadığı iddiasının təkzib edilməsini tələb edib.
Mənbə: meduza.io