"Sumqayıt" Ankarada ikihəftəlik təlim-məşq toplanışı başa vuraraq Vətənə döndü. Orda hər 4 yoxlama matçında uduzan Premyer Liqamızın son bürünc medalçısını tezliklə - artıq iyulun 21-də Konfrans Liqasında "Çukariçki"ylə Serbiyada çətin sınaq gözləyir. Təmsilçimizin baş məşqçisi Ayxan Abbasov Axın.az-ın suallarını cavablandırıb.
- Yoxlama oyunlarından nəticəni qoyuruq bir kənara. Komandanın hazırkı durumunda hansı müsbət, hansı mənfi məqamları vurğulaya bilərsən?
- Həmişə yay toplanışı çətin keçir. Çünki futbolçular o ağır çempionat oyunununun stressini açmaq üçün tam dincəlmək istəyirlər. Bu istirahətdən sonra gəlib məşqlər, toplanışlarda futbolçuları ham taktiki, həm də fiziki cəhətdən yorursan. Belə ağır gedişat əslində, normaldı. Ümumən bunu gözləyirdik. Bizi üzən səbəblər odu ki, futbolçularımızdan bəziləri gec qoşuldu, bəziləri mövsümün sonunda zədəli idi. Bir çox futbolçularımızda hələ oyun praktikası azdı. Ona görə bunların üzərində işləyirdik əsas. Komandanın fiziki durumunu bərpa eləmək, həmin tempə hazırlaşmaq lazımdı. Düzdür, vaxtımız azdı. Amma bu gün buna bəhanəmiz də yoxdu, maksimum hazır olmalıyıq.
- Hazırlıq matçlarında yalnız məğlubiyyət Konfrans Liqası öncəsi futbolçuların psixolojiyasına mənfi təsir göstərə bilərmi?
- Yoldaşlıq görüşü də olsa, komanda əlbəttə, məğlub olmaq istəmir. Qələbə qazanmağıa tamamilə hər kəs istəyir. Amma ilk yoxlama matçlarına baxsaq, iki tam fərqli heyətlə oynayırdıq. Bu zaman istədiyi tempi ala bilmirsən. Futbolçular ağır fiziki məşqlərdən sonra 45 dəqiqə oynamalıdırlar. Son 2 matçı isə götürsək, komandamız pis təsir bağışlamadı. Rəqiblərimizin gücü də bəlli idi. İstədiyimizi ala bilirdik, ancaq tam yox. Mənə elə gəlir ki, hələ 2-3 matç da bunun əziyyətini çəkə bilərik. Futbolçuların ideal formaya düşməsi oyundan-oyuna olacaq. Təbii ki, səhvlər də baş verəcək, bunları azaltmalıyıq. Bir-bir bunların hamsı qaydasında ola bilməz.
- Transfer yönündə axtarışlarınız necə gedir?
- Əlbəttə, transfer eləmək istəyirik, axtarışlarımız hər gün davam edir. Bildiyiniz kimi, çox transfer də reallaşdıra bilmirik. Hələ heyətimizi qorumağımız üstünlüyümüzdü. Çünki itkilərimiz də var, əsas heyətin üzvləri Mehdi Cənnətoivla Xəyal Nəcəfovun gedişi oldu. Çalışırıq onların yerini dolduraq, özümüzüdə olan gənclərə bu mövsüm də üstünlük vermək istəyirik. Bu, bizi qorxutmur, həmişə bunu fikirləşmişik, işimiz bu yöndə davam edir. Amma rəhbərliklə danışığımız olub, onlar da axtarışlarını davam etdirir. Çalışırıq ki, tez bir zamanda transfer həyata keçirək. Çünki heyətimiz həm güclənməlidi, həm də rəqabət olmalıdı. Bunu bilirik, ancaq istədiyimizi da tapmaq lazımdı. Bu gün transfer eləmək asan iş deyil.
- Hazırlığa sonradan qoşulan bombardiriniz Əli Qurbani Konfrans Liqasına nə qədər hazır olub, qolçuluq, rəqib müdafiəsini gərginlikdə saxlamaq bacarığı ilə kömək edə bilərmi?
- Şübhəsiz ki, Əliyə böyük ümidlərimiz var. Çünki komandamızın ən önəmli oyunçularından biridi. Qurbaninin qalması yönündə çox səy göstərdim, rəhbərlik də sağ olun, onu saxlamaqda köməklik elədi. Bu gün yenidən hansısa bir hücumçu alıb Konfrans Liqasına hazırlamağa vaxtımız yox idi. Əli də etimadı başa düşür və nəzərdə tutduğum zədəli futbolçularımızdan biri idi. Gəlib hazırlığımızda zədəsini tam bərpa elədi. Oyun praktikası az idi, ancaq son 2 matçda çıxış edib. O da tez bir zamanda formaya düşəcək.
- "Çukariçku" dünən yeni çempionata 2:1 hesablı əzmkar qələbəylə başladı. Həmin matçı izləmisniz? Ümumiyyətlə, rəqib haqda son məlumatınız və qarşıdakı sınaqda ümidləriniz nədi?
- Fraqmantlerlə izləmişəm, oturub oyuna tam baxacam. Rəqibi yaxından izləyriik, gözləyirdik nəticəni. Baxsaq, keçənmövsümkü heyəti qoruyub. Bəzi yeni transferləri var, özü də legionerləri götürsək, Norman Kempbll kimi sürətli futbolçunu heyətə qatıblar. Düzdür, onların futbolçusudu, icarədə olduğundan keçən mövsüm yox idi. Ortaya bir gənc futbolçu alıblar, onu da son hazırlıq matçlarında əsas heyətdə oynadırlar. Yoldaşlıq görüşlərində baş məşqçi heyətdə çox dəyişiklik edib. Görünür ki, iki güclü heyəti var. Bu, həm çempionata, həm də Konfrans Liqasına hazırlaşamağından görünür. Yaxşı komandalara yoxlama matçlarında qalib gəliblər - "Arsenal"ı, "Olimpiya"nı deyə bilərəm, "Aşdod"la bərabərə qalıblar. Yaxşı komandadı, ancaq inşallah, mübarizə aparacağıq, oynayacağıq.
MEHMAN SÜLEYMANOV