UEFA-nın media tərəfdaşı Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) üzvü və ölkəmizdəki rəsmi təmsilçisi Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) həmkarlarının peşəkar inkişafına dəstək məqsədilə may və iyun aylarında keçirdiyi maarifləndirici marafona yekun vurulub.
AİJA-dan verilən məlumata görə, bu münasibətlə AVRO 2020-nin açılış günü AİJA-nın Azərbaycan Nəşriyyatında yerləşən baş ofisində kurslar, təlimlər və ustad dərslərinin fəal iştirakçıları, təlimçilər, jurnalistikamızın və futboluzun tanınmış simalarının iştirakı ilə tədbir keçirilib.
Tədbirə toplaşanlar erməni terrorunun nəticəsində şəhidlik zirvəsinə ucalmış KİV nümayəndələri Sirac Abışov və Məhərrəm İbrahimovun, eyni zamanda Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediliblər.
Təlimçilər kursların aktiv iştirakçılarını sertifikatlar və AVRO-2020-nin oyunlarına hədiyyə biletləri ilə sevindirib.
AİJA-nın layihələrini dəstəkləmiş tanınmış jurnalistlər - BDU Jurnalistika fakültəsinin dosenti, Qazet.az saytının baş redaktoru Aynur Kərimovaya, BDU Beynəlxalq Jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərovaya və “Global Media Group”un media-direktoru Həmid Həmidova təşəkkürnamələr təqdim edilib.
Azərbaycan tarixində futbol üzrə yeganə Olimpiya çempionu, “Sabah” Futbol Klubunun idman direktoru İqor Ponomaryov, yeniyetmələr arasında dünya çempionu Vladislav Qədirov, tanınmış veteran futbolçular Vaqif Cavadov və Nuqzar Kvirtiya “Vayt Siti”, “Lider” və “Arsenal” məktəblərinin balaca futbolçularına hədiyyələr təqdim etdilər.