Mərdəkanda yerləşən “Dalğa Arena”nın park yerində maşını saxlayıb sol ayağımı yenicə yerə basmışdım ki, arxadan səs gəldi:
“Deyəsən, səni stadionlarda görməyimiz üçün ancaq “Qızıl oyun” olmalıdır”.
Dönüb baxmadan da səsindən tanıdım. Zarafatcıl həmkarlarımızdan biri idi. Azərbaycan Premyer Liqası üçün mövsümlük akkreditasiyam olsa da, bütün ilboyu sadəcə 3 və ya 4 oyunu stadionda izlədiyimə görə atmaca atırdı.
“Özün bilirsən ki, mənim hər dəqiqəm qızıl dəyərindədi, qızıl vaxtı da “Qızıl oyun”a xərcləyərlər”, - mən də zarafatımdan qalmadım...
Uzun illər sonra, Azərbaycan çempionatında mövsümün taleyinə son oyunda aydınlıq gələcəkdi. Buna qədər mənim xatırladığım sadəcə 2005-ci ildə Gəncədə baş tutan “Qızıl oyun” var idi. Həmin mövsümün yekunlarına görə “Neftçi” və “Xəzər Lənkəran” bütün göstəricilərdə eyni olduqlarına görə çempionu müəyyən etmək üçün əlavə qarşılaşma təyin olunmuşdu. Hazırda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və məşqçilər Zaur Tağızadə ilə Elçin Rəhmanovun da heyətində olduğu “Neftçi” 2:1 hesablı qələbə qazanaraq mövsümün çempionu olmuş, qollardan birini də məhz Tağızadə vurmuşdu. Taleyin ironiyasıdır bəlkə də, indi hər üç futbolçu rəqib komandanın məşqçisi kimi “Neftçi”ni çempionluqdan etməyə çalışırdı.
Mövcud pandemiya şərtləri ilə bağlı Operativ Qərargahın verdiyi qərarla Azərbaycan çempionatının digər oyunları kimi, bu qarşılaşma da azarkeşsiz keçirilirdi. Hərçənd stadiona yaxınlaşarkən sadəcə “Dalğa Arena”nı mühasirəyə almış polisləri görmək mümkün olsa da, hər iki komandanı dəstəkləyən bir qrup azarkeş oyun başlayarkən tribunalarda yerlərini almışdı. Bundan başqa, media sektoru kifayət qədər tünlük idi. Maraqlı, prinsipial və ən əsası mövsümün son oyunu üçün mövsümlük akkreditasiyası olan həmkarlarımızın əksəriyyəti Mərdəkana axışmışdı.
Komandalar isinmə hərəkətləri edərkən həmkarlarımız da telefon və kompüterlərində üçüncü yerin sahibinin bəlli olacağı digər matçları izləyirdilər.
Oyuna gəlincə, hər iki komanda gözlənildiyi kimi, matça ehtiyatlı başladı. İlk dəqiqələrdən açıq oynayıb “özünü yandırmaq” yerinə təmkinli və bir az da sərt oynayan tərəflər topun əsasən meydanın mərkəzində var-gəl etməsinə səbəb olurdular.
Məşqçilər də adətləri üzrə davranırdılar. Qurban Quranov təmkinli, sakit vəziyyətdə oyunu izləyirdisə, Samir Abasov həmişəki kimi çılğın, aqressiv və əsəbi idi. Hakimin “Neftçi” əleyhinə çaldığı demək olar ki, bütün fitlərə etiraz edən Abasov tez-tez oyunçularına sərt oynamaqları haqqında xəbərdarlıq edirdi. “Neftçi”nin baş məşqçisinin tez-tez üç dildə “Öldür onu”, “Ubey yevo”, “Kill him” deməsi media sektorundan aydınca eşidilirdi...
“Oskar verin ona, məncə o, buna tam layiqdir”... Bizdən iki-üç sıra yuxarıda oturmuş əksəriyyəti “Neftçi” azarkeşi olan şəxslərin arasından gəldi səs, “Qarabağ”ın futbolçularından birinin sərt oyundan sonra yerdə qalmasına etiraz edirdi...
İlk 45 dəqiqədən fərqli olaraq ikinci hissə kifayət qədər maraqlı və gərgin oldu. Artıq yavaş-yavaş təzyiqi artıran komandalar rəqib qapısı qarşısında təhlükələr yaratmağa başlayırdılar. Bir neçə epizodda qeyri-dəqiqlik, bəzən düzgün olmayan mövqe seçimi, bəzən isə sadəcə qapıçıların düzgün oyunu təhlükənin böyüməsinə imkan vermirdi.
53-cü dəqiqədə isə oyunun ən mübahisəli epizodu baş verdi. Sağ cinahdan sürətlə “Neftçi”nin cərimə meydançasına daxil olan Xayme Romero Stankoviç tərəfindən kobudluqla dayandırılsa da, qarşılaşmanın baş hakimi Elçin Məsiyev epizodu penalti olaraq dəyərləndirmədi.
Dəqiqələr bir-birini əvəz etdikcə gərginlik artırdı. Heç-heçə “Qarabağ”a sərf etdiyi üçün ağdamlılar yavaş-yavaş geriyə “söykənirdilər”. Samir Abasov isə ard-arda ehtiyatda olan üç hücumçunu - Mirabdulla Abbasov, Stiv Monroz və Ahmed Ahmedovu meydana buraxaraq necə deyərlər, “vabank” getdi. Hadisələri qabaqlayaraq qeyd edim ki, Abasovun bu hərəkəti sonradan özünü tam anlamı ilə doğrultdu.
Bu həmlənin əvəzində Zubiri oyundan alan Qurbanov isə müdafiə xəttini gücləndirmək məqsədilə beşinci müdafiəçini - Rahil Məmmədovu oyuna saldı. Mənə görə, oyunun qırılma anı məhz bu dəyişiklik oldu.
Qarşılaşmanın 90-cı dəqiqəsində Rahilin oyuna daxil olmasından sonra meydanda hələ öz yerini tapa bilməyən “Qarabağ”ın müdafiəçilərinin ani çaşqınlığı nəticəsində top Ahmedovun ayağına düşdü, bolqarıstanlı hücumçu isə əsl “killer” soyuqqanlılığı ilə yaxın məsafədən topu “doqquzluğ”a yolladı.
Doqquzdan söz düşmüşkən, bu oyunda 9 rəqəmi xüsusi anlam kəsb edirdi. Belə ki, yenicə başa çatan cari mövsümə qədər hər iki komanda 8 dəfə ölkənin ən güclüsü olmuşdu və növbəti belə uğur iki komanda üçün də 9-cu olacaqdı.
Və məhz belə bir məqamda “Neftçi”nin 9 nömrəli futbolçusunun Premyer Liqada meydana çıxdığı 9-cu oyunun 90-cı dəqiqəsində “9-luğ”a vurduğu qolun komandasına doqquzuncu çempionluğu gətirməsi kifayət qədər mistik hadisə idi.
Oyundan sonra Samir Abasovun mətbuat konfransı davam edərkən “Neftçi” oyunçularının konfrans zalına basqını və baş məşqçilərini su ilə islatmaları gecənin ən maraqlı görüntülərindən biri oldu. dir.
Matçdan sonrakı mətbuat konfransının sonunda Qurban Qurbanovun həmkarımız, Vətən müharibəsi qazisi Daşqın Əzizlə xüsusi görüşməsi, ona “Sizin elədikləriniz yanında mən Qurbanın elədikləri heç nədir, haqqınız ödənməz” deməsi də, gecənin pozitiv məqamlarından biri idi.
Beləliklə, uzun marafonun sonunda 7 mövsümlük həsrətə son qoyan “Neftçi” 8 ildən sonra 9-cu çempionluğunu qazandı.
Azərbaycan futbolunun inkişafı naminə “Neftçi”, “Qarabağ” və üçüncü yerin sahibi “Sumqayıt”a Avrokuboklarda uğurlar arzulayıram!
Zaur Xudiyev