Bu gün paytaxtda əsən külək bəzi yerlərdə fəsadlara səbəb olub.
Axın.az-un məlumatına görə, Xətai rayonu general Mehmandarov 68 ünvanının yaxınlığında qurumuş irigövdəli ağacın aşması nəticəsində ərazidə dayanmış 4 avtomobilə müxtəlif dərəcədə ziyan dəyib.
Müvafiq qurumların əməkdaşları hadisə yerinə gələrək yıxılmış ağacları doğrayıblar və növbəti günlərdə ağacların daşınmasının həyata keçiriləcəyini bildiriblər. Sakinlərin sözlərinə görə, bu ərazidə xeyli qurumuş və aşmaq təhlükəsi olan, həmçinin budanması zərurətə çevrilən ağaclar var. Amma bəzən vaxtında gərəkli qərarlar verilmədiyi üçün xoşagəlməz nəticələr olur.
Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekspertiza idarəsi rəy verməsə, hansısa ağacı kəsməyə qanun icazə vermir. Ağac hətta 45 dərəcə bucaq altında aşsa da, ona toxunmaq yasaqdır. Yaşıl, qəzalı vəziyyətdə olan ağacın kəsilməsi üçün sakinlərin icra hakkmiyyətinə, yaxud bələdiyyəyə rəsmi müraciət etməsi tövsiyə edilir. Yalnız bundan sonra rəsmi qurumlar digər instansiyalar qarşısında məsələ qaldıra bilirlər ki, bu da xeyli vaxt aparır. Bəzən bu yazışmalar və araşdırmalar zamanı təhlükəli hadisələr baş verir və xoşagəlməz hadisələr baş verir.